Avqustun 12-də Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına seçkiyə qatılan partiyaların qeydiyyatı bitib. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyası proporsional sistem (partiya siyahıları) üzrə 14 qurumun mübarizə aparacağını bəyan edib.
Seçki sentyabrın 19-na təyin olunub, ancaq ayın 17-si və 18-də də səsverməyə şərait yaradılacaq.
450 nəfərlik Dövlət Dumasının 225 deputatı proporsional sistemlə, 225 deputatı dairələrdən (majoritar sistemlə) seçilir.
Parlamentə düşmək üçün partiya etibarlı səslərin azı 5 faizini toplamalı, dairə üzrə namizəd nisbi səs çoxluğu əldə etməlidir.
Seçki marafonuna qoşulan partiyaların 4-ü indiki Dövlət Dumasında təmsil olunur: Vahid Rusiya Partiyası, Kommunist Partiyası, Liberal Demokrat Partiyası, Ədalətli Rusiya Partiyası.
Mandat almağa bu partiyalar da iddia edir: Azadlıq və Ədalət Partiyası, Kommunistlər Partiyası, Pensiyaçılar Partiyası, Vətən Partiyası, Vətəndaş Platforması Partiyası, Yabloko Partiyası, Yaşıl Alternativ Partiyası, Yaşıllar Partiyası, Yeni Adamlar Partiyası, Yüksəliş Partiyası.
Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir.
Hakim Vahid Rusiya Partiyasına Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev liderlik edir.
1965-ci il təvəllüdlü Dmitri Medvedyev 2005-ci ilin noyabrından baş nazirin birinci müavini olub, daha sonra baş nazir kürsüsünə gətirilib. 2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub, 2012-ci ildən 2020-ci il yanvarın 15-dək yenidən baş nazir olub.
Prezident postunu Vladimir Putin tutur. 1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci ilin seçkisində postunu qoruyub.