AXCP üzvü Aqil Hümmətov avqustun 11-i Bakıda tutulub. “Turan”ın Daxili İşlər Nazirliyinə istinadla yaydığı xəbərə görə, cəbhəçi Xəzər Rayon Polis İdarəsində saxlanır. Onun Zirə qəsəbəsində vətəndaş Yamən Məmmədova bıçaqla xəsarət yetirdiyi bildirilir.
Aqil Hümmətov sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. O, 2020-ci il martın 30-da tutularaq Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına salınıb. Aprelin 1-də Sabunçu Rayon Məhkəməsi onun ruhi xəstə olmadığını əsas gətirərək sərbəst buraxılmasına qərar verib. Ancaq aprelin 2-də Aqil Hümmətov yenidən tutulub, aprelin 3-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə üç ay müddətinə həmin xəstəxanaya yerləşdirilib.
Fəal özü və partiyadaşları məhkəmənin məcburi müalicə barədə qərarını siyasi sifariş kimi qiymətləndirib.