Ermənistanın yeni hökumətində 7 nəfər baş nazirdən cavandır. Novator.az bildirir ki, baş nazir Nikol Paşinyan 1975-ci ildə doğulub. Əmək və sosial məsələlər naziri Narek Mkrtçyan 1989-cı il, baş nazirin müavini Suren Papikyan 1986-cı il, ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan 1983-cü il, səhiyyə naziri Anait Avanesyan 1981-ci il, ətraf mühit naziri Romanos Petrosyan 1979-cu il, ədliyyə naziri Karen Andreasyan 1977-ci il, iqtisadiyyat naziri Vaan Kerobyan 1976-cı il təvəllüdlüdür.
Yüksək texnologiyalar sənayesi naziri səlahiyyətlərinin icraçısı Ayk Çobanyan 1973-cü ildə anadan olub.
Fövqəladə hallar naziri Andranik Piloyan, elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan 1962-ci ildə, müdafiə naziri Arşak Karapetyan 1967-ci ildə, maliyyə naziri Tiqran Xaçatryan 1970-ci ildə, baş nazirin müavini Mger Qriqoryan 1972-ci ildə dünyaya gəlib.
Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədridir. 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında hökumət başına gəlib.
2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq yenidən hökumət qurub.
2021-ci il iyunun 20-də daha bir növbədənkənar parlament seçkisi keçirilib, Vətəndaş Sazişi Partiyası 107 nəfərlik parlamentdə 71 mandat götürərək hökumət qurmaq hüququ əldə edib.
Avqustun 2-də yeni parlament fəaliyyətə başlayıb, həmin gün Nikol Paşinyan baş nazir təyin olunub, ardınca prezident Armen Sərkisyan onun təqdimatları əsasında baş nazirin müavinlərini və nazirləri təyin edib.
Xarici işlər naziri və yüksək texnologiyalar sənayesi naziri postlarına təyinatlar olmayıb.
Hökumətdə bu qurumlar da var: Dövlət Nəzarəti Xidməti, Milli Təhlükəsizlik Xidməti, Ermənistan Polisi, Şəhərsalma Komitəsi, Dövlət Gəlirləri Komitəsi, Statistika Komitəsi, Kadastr Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi, Şəhərsalma, Texniki Təhlükəsizlik və Yanğın Təhlükəsizliyi Müfəttişliyi, Təhsil Müfəttişliyi, Təbiəti və Yerin Təkini Mühafizə Müfəttişliyi, Səhiyyə və Əmək Müfəttişliyi, Bazara Nəzarət Müfəttişliyi, Ərzaq Təhlükəsizliyi Müfəttişliyi.
Azərbaycanın baş naziri Əli Əsədov 1956-cı il təvəllüdlüdür.
Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə, baş nazirin müavini Əli Əhmədov 1953-cü ildə, baş nazirin müavini Şahin Mustafayev 1965-ci ildə doğulub.
Nazirlərin təvəllüdləri belədir:
ədliyyə naziri Fikrət Məmmədov – 1955-ci il
müdafiə sənayesi naziri Mədət Quliyev – 1958-ci il
müdafiə naziri Zakir Həsənov – 1959-cu il
fövqəladə hallar naziri Kəmaləddin Heydərov; maliyyə naziri Samir Şərifov – 1961-ci il
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev – 1967-ci il
daxili işlər naziri Vilayət Eyvazov – 1968-ci il
energetika naziri Pərviz Şahbazov – 1969-cu il
səhiyyə naziri səlahiyyətlərini icra edən Teymur Musayev – 1970-ci il
xarici işlər naziri Ceyhun Bayramov – 1973-cü il
iqtisadiyyat naziri Mikayıl Cabbarov – 1976-cı il
kənd təsərrüfatı naziri İnam Kərimov; nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev; mədəniyyət naziri Anar Kərimov – 1977-ci il
əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev – 1980-ci il
təhsil naziri Emin Əmrullayev – 1982-ci il.
Gənclər və idman naziri postu boşdur.