Novator.az Milli Məclis üzvünün mandatdan məhrum edilməsi qaydalarına nəzər salıb.
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı bu hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə;
6) konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Ana qanunun 93-cü maddəsinin III hissəsinə görə, Milli Məclisin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.
Mandatdan məhrum edilmə haqqında qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.
Deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); səsvermə hüququnu şəxsən həyata keçirmədikdə; qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda Milli Məclisin sədri həmin deputat haqqında məsələni intizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə baxıb müvafiq rəyi Milli Məclisin sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda Milli Məclisin sədri intizam komissiyasının həmin deputatın mandatdan məhrum edilməsi barədə rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.
Mərkəzi Seçki Komissiyasının mandatın alınması barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin şikayətə 15 gün müddətində baxılır.
İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.
Milli Məclisin sədri əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən səlahiyyətləri itirilən deputat barəsində tibbi-sosial ekspert komissiyasının rəyini və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə qərar azı 63 səs çoxluğu ilə qəbul olunur.
Deputatın etik davranış qaydalarına görə, Milli Məclisin üzvü xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.
Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir.
Maraqlar toqquşması dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafeyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.
Etik davranış qaydalarına əsasən, deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalı, vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.