Müdafiə naziri Zakir Həsənov avqustun 2-si Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Rəsmi məlumata görə, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirak etdiyi müşavirəyə azad edilmiş ərazilərdəki hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər video ilə cəlb olunub.
Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün-cənub qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağ bölgəsinin bir hissəsi işğalda qalır, Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya hərbçilərinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri 2021-ci ilin mayında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır, ərazidə atəşkəs tez-tez pozulur.