Milli Məclisin deputatı Eldəniz Səlimov avqustun 1-də açıqlama yayıb.
Novator.az bildirir ki, Eldəniz Səlimov 1976-cı ildə Xaçmaz şəhərində doğulub. Dağıstan Dövlət Universitetində iqtisadiyyat üzrə ali təhsil alıb. Uzun illər vergi orqanlarında, bank, istehsal sahələrində, icra hakimiyyəti sistemində çalışıb.
2015 və 2020-ci illərdə 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisə mandat alıb. Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvüdür.
Eldəniz Səlimov iyulun 29-na keçən gecə Xaçmaz şəhərindəki restoranların birində polis əməkdaşına zor tətbiq edib. Baş Prokurorluğun İstintaq İdarəsi bu olayı Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə araşdırır.
309.2-ci maddəyə əsasən, zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Baş prokuror Kamran Əliyev Milli Məclisə təqdimat göndərərək Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsini istəyib. Təqdimata parlamentin növbədənkənar sessiyasının iclasında – avqustun 3-də baxılacaq.
Report.az-ın məlumatına görə, avqustun 1-də yaydığı açıqlamada Eldəniz Səlimov qeyd edir ki, etdiyi hərəkət yanlışdır: “İlk növbədə möhtərəm prezident İlham Əliyevdən, mənə etimad göstərmiş Yeni Azərbaycan Partiyası təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Lakin bu səhvə gətirib çıxaran çoxlu səbəb, təhdid və təzyiq də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymət verəcək”.
Azərbaycan Konstitusiyasına görə, deputat yalnız baş prokurorun təqdimatı və Milli Məclisin razılığı ilə cinayət məsuliyyətinə alına bilər.
2020-ci il fevralın 9-da seçilmiş parlamentin hazırda 120 deputatı var.
9 fevral seçkisi 125 dairədə keçirilib. Mərkəzi Seçki Komissiyasının qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv olunub, parlament 121 nəfərlə fəaliyyətə başlayıb.
116 saylı Qəbələ dairəsindən deputat Fəttah Heydərov 2020-ci il avqustun 4-də vəfat edib.
Yeni Azərbaycan Partiyası parlamentdə 70 deputatla təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 mandatı var.
38 deputat partiyasızdır.