Suraxanı Rayon Məhkəməsi siyasətçi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə müraciətini təmin etməyib. Qərar iyulun 30-da qəbul olunub.
Siyasətçi Gürcüstana gedib anasının hüzr mərasimində iştirak etmək istəyirdi.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublunun anası iyulun 11-i Gürcüstanda vəfat edib. O zaman Bakıda ev dustağı olan Tofiq Yaqublunun dəfnə buraxılmaq üçün dövlət orqanlarına müraciəti nəticəsiz qalıb.
Paytaxtın Suraxanı rayonunda yaşayan Tofiq Yaqublu hazırda azadlıqdan şərti məhrumetmə cəzası çəkir.
Suraxanı Rayon Məhkəməsi 30 iyul qərarını cəzaların icrasına məsul olan Ədliyyə Nazirliyinin Tofiq Yaqublunun ölkədən çıxışına razılıq verməməyi ilə əsaslandırıb.
Novator.az bildirir ki, 1961-ci ildə Gürcüstanda, Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb.
Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də mülki xəstəxanaya köçürülüb.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. Cinayət Məcəlləsinə görə, şərti məhkum edilən şəxs sınaq müddətində məhkəmədə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdə dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğvi və hökmlə təyin olunmuş cəzanın icrası haqqında qərar çıxara bilər.