Dövlət xadimi Eldar Həsənovun vəkilləri Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Novator.az-ın məlumatına görə, müraciətdə deyilir:
– Həbsdə saxlanan Eldar Həsənovun vəkilləri olaraq onun səhhətində yaranmış çox ciddi və ağır durumla bağlı bəlkə də sonuncu dəfə Sizlərə müraciət edirik.
Nə üçün sonuncu? Çünki xəstəliyin sürətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilər.
Vəkillər olaraq düşünürük ki, onun səhhətinin ağır durumda olması ilə bağlı məlumatlar bəlkə də Sizlərə çatmır.
2 iyul 2021-ci ildə Eldar Həsənov müayinə və müalicə olunması üçün stasionar qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalına yerləşdirilib. Bir sıra müayinələr, kolonospik müdaxilə (bağırsağından əməliyyat) aparılıb.
Əvvəlki müraciətlərimizdə də bildirmişdik ki, Eldar Həsənov keçən ilin oktyabr ayından başlayaraq təkrarlanan başgicəllənmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edirdi.
İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş verib. Həmin vaxtdan Eldar Həsənov çəliklə hərəkət etmək məcburiyyətində qalıb. Vəkilləri onu öz həkimlərinin müayinə etməsi ilə bağlı dəfələrlə vəsatət qaldırıblar, lakin Baş Prokurorluğun vəsatətləri əsassız təmin etməməsi belə ağır fəsadlara gətirib çıxarıb.
Hospitalda stasionarda olarkən müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar edilib.
Beləliklə, hazırkı vaxtadək başgicəllənmələrin və yıxılmaların səbəbi bu xəstəlik olub. Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmaması (əslində bu xəstəliyin müalicəsi yoxdur, ağırlaşmanın qarşısını almaq üçün gündəlik profilaktikası var: dərmanlar, məşğələlər, fizioterapiya, müntəzəm açıq havada olma və sair) səbəbindən hazırda durum çox ağırdır. Müntəzəm başgicəllənmələr yıxılmalarla müşahidə olunur və istənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər.
Bütün bunları nəzərə alaraq Sizlərdən xahiş edirik Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı köməklik göstərəsiniz.
1955-ci ildə Kəlbəcərin Laçın kəndində doğulan Eldar Həsənov indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.
İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov nazir təyin olunub.
Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.
2021-ci il mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə qərar çıxarıb. Ancaq vəkillərinin müraciəti əsasında çıxarılan qərar icrasız qalıb.
Ardınca vəkillər yenidən Avropa Məhkəməsinə üz tutublar. İyunun 23-də Avropa Məhkəməsi daha bir qərar çıxararaq Eldar Həsənovun stasionara yerləşdirilməsini tələb edib. Həmin qərar iyulun 2-də icra olunub: Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından qurumun Bakının Səbail rayonunda yerləşən Hərbi Hospitalına köçürülüb, bir neçə gün sonra orada bağırsağından əməliyyat olunub, sonra yenə təcridxanaya qaytarılıb.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.