“Aleksandr Lukaşenko yenə Belarusda jurnalistləri həbs etdirdi. Əslində bu, Qərbin daha sərt və qətiyyətli addımlar atmasına rəvac verə bilər. Zorakılıqla heç kimin barışmayacağı barədə mesajlar Belarusun əsl rəhbərinə – Vladimir Putinə çatdırılmalıdır”. Novator.az-ın məlumatına görə, Almaniyanın “Die Welt” nəşrində dərc olunan məqalədə belə deyilir. Məqalənin müəllifi Torsten Kraueldir.
Məqalədə bildirilir ki, ABŞ-ın “Atlas Air”, “FedEx”, “UPS” kimi yükdaşıyan aviasiya şirkətləri əvvəlkitək Belarusun hava məkanından uçuşlar edir, halbuki belə uçuşları dayandırmaq, Lukaşenkonu tranzit haqqından məhrum etmək təklifləri vardı. Müəllif yazır ki, əslində bu ideyanın həyata keçəcəyini heç gözləməyinə dəyməzdi, çünki Qərb Putinin ən böyük arzusunu – Baltik dənizində “Şimal axını-2” qaz kəməri tikintisinini başa çatdırmaq niyyətini yerinə yetirməklə məşğuldur: “Kəmərin tikintisini yekunlaşdırmaq üçün müxtəlif səbəblər göstərilə bilər: Donald Trampın siyasi taktikasının əksinə olaraq beynəlxalq müqavilələrə sadiqlik; Cozef Baydenin Çinə Rusiyanın bütün enerji resurslarını almaq və Moskvanı getdikcə Pekinin təsir altına salmaq imkanı verməmək niyyəti; Merkelin nüvə və kömür enerjisindən imtina etməsi səbəbindən təbii qazdan asılı olması; yaxud Merkelin Putinlə əlaqə kanallarını və az-çox nüfuzu qalan Avropa razılaşmasını – Minsk razılaşmalarını qoruyub saxlamaq səyləri…”
Bəs görəsən bütün bunlar nəyin bahasına başa gələcək? Sualına özü cavab verən müəllif bunun çox baha başa gələcəyi qənaətindədir: “Guya Belarus suveren dövlətdir. Əslində onun simvolik prezidenti olan Lukaşenko öz rejimini Putin sisteminə uyğunlaşdırmaqdadır. Artıq Belarusun Hərbi Hava Qüvvələri də Rusiyanın nəzarətindədir.
Sentyabrda keçiriləcək genişmiqyaslı “Qərb-2021” hərbi təlimlərində Lukaşenkonun ordusu Rusiya qoşunları ilə birgə döyüş təlimi keçəcək.
İqtisadi plana gəlincə, Lukaşenkonun yeganə çıxış yolu Rusiya iqtisadiyyatına qoşulmaqdır. Şübhəsiz, Belarus müxalifətinin dağıdılması, xalqla mübarizə aparılması bu proqramın tərkib həssəsidir. Putinin qərb cəbhəsində sakitlik hökm sürməlidir”.
Məqalədə Ukrayna ilə bağlı problemlərə də toxunulur: “Putin yenə Ukraynanı təhdid edir. Bu dəfə hədəf qaz hasilatı yox, Ukraynanın azlıqlar haqqında qəbul etdiyi qanundur.
Putin yaxşı bilir ki, Almaniyaya təbii qaz Ukraynanın şərqindəki sülhdən daha çox lazımdır.
Almaniyanın federal hökuməti idxalçıların kommersiya sirrini saxladığını bəhanə gətirərək hətta Bundestaq (parlament) üzvlərinə də Rusiyanın idxaldakı payı barədə dəqiq məlumat vermir.
Almaniyanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2016-cı ildə ölkənin ən çox qaz idxal etdiyi ölkə Norveç olub: 31%. Ardınca 22%-lə Niderland gəlir. “Digər” ölkələrin payına isə 41% düşür.
Bu “digər”lərin arxasında hansı ölkələrin dayandığı üzə çıxanda məlum olur ki, qaz tədarükünün 40%-i Rusiyanın, 1%-i isə “o biri digərlərin” payına düşür. Belə çıxır Almaniyaya ən çox qaz ixrac edən ölkə Norveç yox, Rusiya olub”.
Müəllif yazır ki, Rusiyanın təbii enerji hasilatı üzərində qurulmuş iqtisadiyatı 2030-cu ildən dünya bazarı “yaşıl enerji”yə keçəndə təhlükə altına düşə bilər: “Ancaq bu, siyasi məqsədlərini tez bir zamanda reallaşdırmaq istəyən Putinə mane olmur.
Putin bu payız Belarusda, özü də bu dəfə Ukrayanın qərb sərhədlərində, Avropa Birliyi və NATO-nun lap yaxınlığında keçirəcəyi “Qərb-2021” təlimləri ilə onun və qubernatoru Lukaşenkonun Kiyevi necə təsir altında saxlamaq gücündə olduğunu nümayiş etdirəcək.
ABŞ prezidenti Cozef Baydenin “Şimal axını-2” ilə bağlı Almaniya kansleri Angela Merkelə xəbərdarlığı, fövqəladə şərait yaranacağı təqdirdə Kiyevi silahla təmin edəcəyi barədə təhdidi Rusiya prezidenti Vladimir Putini qorxutmur. Nə Angela Merkel, nə də Armin Laşet (Almaniyanın hakim Xristian-Demokrat İttifaqının sədri) riskə gedəsi deyil”.
Torsten Krauel məqaləsini bu sözlərlə bitirir: “Sülh arzusu Almaniyanın əsas dövlət ideyasıdır. Başlıca qayğı ondan ibarətdir ki, Putini sülhə yeganə real variant kimi baxmağa məcbur etsinlər. Amma hazırda Qərbin bu məsələdə heç bir uduşu yoxdur. Qərb Belarus müxalifətçilərinin həbsinə əsaslanıb, nəhayət ki, bu ölkənin hava məkanından uçuşlarları qadağan etmək ideyasını həyata keçirməlidir. Moskvanın bizi şantaj etməsinə imkan verməyəcəyimizi göstərmək üçün ən azı bunu etmək vacibdir”.
Mənbə: Welt.de