Müğənni, ictimai xadim Flora Kərimova “Meydan” internet telekanalına müsahibəsində 2020-ci ilin Vətən müharibəsində qələbəni nəzərdə tutaraq daha müxalifətçiliyə yer qalmadığını deyib.
Meydan.tv Müsavat Partiyasının başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimlinin bu fikrə münasibətini öyrənib.
Arif Hacılı deyib: “Dünyada elə bir demokratik, azad ölkə yoxdur ki, orada müxalifət olmasın. Türkiyədə Qarabağ problemi kimi problem yoxdur, orada müxalifət yoxdurmu? Yaxud Qərb ölkələrində ərazi bütövlüyü ilə bağlı hər hansı problem yoxdur, orada müxalifət fəaliyyət göstərmirmi?
Görkəmli müğənni Flora Kərimova bu sözləri Qarabağ məsələsi ilə əlaqədar deyib. Amma münaqişə həll olunmayıb, davam edir. Azərbaycanın təxminən 3 min kvadratmetr ərazisi bu gün də işğal altındadır. Kəlbəcərdə atəşkəs pozulur və Azərbaycan əsgərləri yaralanır. Belə şəraitdə Qarabağ probleminin həll olunduğunu iddia etmək düzgün deyil.
Azərbaycan müxalifəti ərazi bütövlüyü məsələsində və digər ümummilli məsələlərdə müxalif mövqedən çıxış etməyib: Bu baxımdan indi hər hansı siyasi dəyişikliyin olduğunu iddia etmək doğru deyil”.
Əli Kərimli qeyd edib ki, Yuxarı Qarabağ ərazisinin 70 faizindən çoxu hələ də düşmən tapdağı altındadır: “Biz Laçın üzərində də suverenliyimizi itirmişik. Xocalı, Şuşanın kəndləri, Ağdərə, Əsgəran, Xankəndi işğal altındadır. Ona görə də münaqişənin bitdiyini demək olmaz.
Bu günlərdə yenə atəşkəs pozulur, yaralılarımız, şəhidlərimiz var. Hələ də Xankəndidə Bakıya tabe olmayan qurum vəziyyətə nəzarət edir, hətta vaxtaşırı hərbi yürüş keçirirlər, peşəkar ordu yaratmağa çalışırlar. Bu baxımdan münaqişənin bitdiyini söyləmək özünü aldatmaqdır.
Qarabağ kimi münaqişəsi olmayan ölkələrdə müxalifət olmur? Bir ölkədə ki seçki institutu tamamilə sıradan çıxarılıb, parlament də, prezident hakimiyyəti də seçki adlı tamaşalarla zəbt edilibsə, müxalifət olmamalıdır? Azərbaycan xalqının özünə hökumət, parlament seçmək hüququ yoxdursa, müxalifət olmamalıdır? Bir ölkədə ki xalqın 100 milyard dollara yaxın sərvəti oğurlanır, insanlara siyasi mövqelərinə görə həbs, işgəncə verilirsə, sosial ədalətsizlik tüğyan edirsə, peşəkar və müstəqil məhkəmə, azadlıqlar, iqtisadi rəqabət yoxdursa, belə ölkədə necə müxalifət olmaya bilər?”
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ vilayətini və onun ətrafındakı bölgələri işğal edib, ərazidə özünü müstəqil dövlət sayan rejim qurub.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.