Suraxanı Rayon Məhkəməsi müxalif siyasətçi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə müraciətinə baxır. Siyasətçi Gürcüstana gedib anasının hüzr mərasimində iştirak etmək istəyir.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublunun anası iyulun 11-i Gürcüstanda, Bolnisi rayonunun İncəoğlu kəndində vəfat edib. O zaman Bakıda ev dustağı olan Tofiq Yaqublunun dəfnə buraxılmaq üçün dövlət orqanlarına müraciəti nəticəsiz qalıb.
Hazırda Tofiq Yaqublu azadlıqdan şərti məhrumetmə cəzası çəkir.
Meydan.tv-nin məlumatına görə, Suraxanı Rayon Məhkəməsində iyulun 27-də keçirilən iclasda çıxış edən Ədliyyə Nazirliyinin nümayəndəsi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməməsini istəyib. O qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin Tofiq Yaqublunun həbs cəzasının şərti cəza ilə əvəzlənməsi haqda qərarı yenidir, qeydiyyata salınmayıb, həm də Tofiq Yaqublunun sınaq müddəti qaydalarına əməl edib-etməyəcəyi bəlli deyil, rəy vermək üçün nazirliyə çox vaxt lazımdır.
Məhkəmə qərarının iyulun 30-da elan ediləcəyi vurğulanır.
Novator.az bildirir ki, 1961-ci ildə Gürcüstanda, Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb.
Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub.
Cinayət Məcəlləsinə görə, şərti məhkum etmə təyin edilərkən altı aydan beş ilədək sınaq müddəti müəyyən olunur. Şəxs sınaq müddətində məhkəmədə üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğvi və hökmlə təyin olunmuş cəzanın icrası haqqında qərar çıxarır.