Böyük Britaniyanın “The Guardian” qəzetində Avstraliyanın Bel Ağrıları Fondunun sədri, ginekoloq Syuzan Evans və Adeliada Tibb Məktəbinin professoru Mark Hatçinsonun koronavirusun qadınlara və kişilərə təsirindəki fərqlər haqda məqaləsi dərc olunub.
Novator.az saytının məlumatına görə, məqalədə bildirilir ki, COVİD-19 infeksiyası dünyada yayılmağa başlananda diqqət ilk növbədə virus səbəbindən baş verən ölüm hallarının qarşısını almağa yönəlmişdi: “Yaşlı kişilər arasında virusdan ölüm halı gənclərə və qadınlara nisbətən daha çox qeydə alınırdı. Məlum olurdu ki, hamı infeksiyadan eyni dərəcədə əziyyət çəkmir və ya ölmür. Koronavirus bəziləri üçün ölümcül, digərləri üçün isə simptomsuz keçir”.
Məqalədə qeyd olunur ki, insan təkamülü boyunca həmişə belə olub: zaman-zaman yeni infeksiya ortaya çıxıb və müqaviməti güclü olanlar virusa qalib gələrək sağ qalıb: “Nəzərə almaq lazımdır ki, dünyada əvvələr də koronavirus epidemiyası olub. Ona görə də bizim bu yöndə təcrübəmiz var. 2002-ci ildə yayılan SARS və 2015-ci ildə yayılan MERS epidemiyaları da koronavirus infeksiyasından qaynaqlanıb. Hər iki halda infeksiyadan ölən kişilərin sayı qadınlarla müqayisədə çox olub.
SARS və MERS epidemiyaları zamanı da səhiyyə işçiləri pasiyentlərdən yoluxma riski qarşısında olub. Xəstəlikdən sağalanlarda isə virusun uzunmüddətli simtopları müşahidə edilib. COVİD-də olduğu kimi SARS və MERS infeksiyalarından sağalanlarda uzun müddət ağrılar və yorğunluq qalıb. Bu isə qadınlarda rast gəlinən xroniki yorğunluq sindromlarına çox oxşayır”.
Müəlliflər COVİD-19 infeksiyasının qadınlara təsirinin kişilərə təsirindən fərqli olmasının bir sıra səbəblərini vurğulayırlar: “Ümumən kişilərlə müqayisdə qadınlar virus və bakteriya infeksiyalarına daha güclü müqavimət göstərirlər. Qadınlar kişilərdən çox ömür sürürlər. Tarixən pandemiyalar vaxtı qadınlar kişilərdən az ölüblər”.
Ancaq müəlliflər bildirirlər ki, immun sisteminin güclü olması elə-belə deyil, əslində bu, qadınlara çox baha başa gələn problemlərin nəticəsidir: “Qadınlar daima xroniki ağrılardan və yorğunluqdan, habelə iltihabı-infeksion xəstəliklərdən əziyyət çəkirlər. Həkimə müraciət edənlərə nəzər salsanız, xroniki xəstəlikdən əziyyət çəkənlərin çoxunun qadınlar olduğunu görərsiniz”.
Məqalədə vurğulanır ki, qadınlardakı xroniki yorğunluq sindromu aybaşı dövründəki ağrılardan, ginekoloji xəstəliklərdən, xroniki bel ağrılarından irəli gəlir. Bütün bu problemlər isə daima immun sistemini stimillaşdırır. Yəni qadının immun sistemi onun əziyyət çəkdiyi problemlərə görə güclənir. Problemlər immun sistemini işə salır, immunitet problemlərə uyğun güc yığır. Koronavirus da ilk növbədə immun sistemini işə salan bir infeksiyadır. Qadınların immun sistemi daha çox çəkişib-bərkişdiyinə görə onların arasında COVİD-19 infeksiyasından ölənlərin sayı kişilərə nisbətən azdır.
Amma immun sisteminin koronavirus ucbatından təkrar stimullaşması xroniki xəstəliklərə təkan verə bilər. Məhz buna görə də COVİD-19 xəstəliyini hətta yüngül keçirmiş qadınlar sağalandan sonrakı dövrlərdə kişilərdən çox əziyyət çəkə, virusun uzunmüddətli simptomlarını özlərində daha artıq hiss edə bilərlər.
Məqalədə deyilir ki, Parisdəki klinikaların birində 50 mindən çox koronavirus xəstəsi üzərində müşahidə aparılıb. Onlar xəstəliyi yüngül keçirdikləri üçün evdə müalicə almış pasiyentlər olublar. Araşdırma göstərib ki, koronavirusdan sağalandan sonrakı bir neçə ay ərzində yorğunluq, əzələ ağrıları və narahatlıq duyan pasiyentlərin çoxu qadınlardır.
Səhiyyə işçilərinin koronavirusa yoluxması riskinin daha yüksək olduğunu xatırladan məqalə müəllifləri belə bir fakta da nəzər salmağı vacib bilirlər: səhiyyə sahəsində çalışanların əksəri qadındır. Bu isə o deməkdir ki, qadınların virusa yoluxması riski kişilərdən çoxdur.
Mənbə: Theguardian.com