2018-ci ildən bu il iyunun 30-dək ABŞ-ın Nyu-Cersi şəhərində yerləşən Ratqers Universitetinin professoru olmuş iqtisadçı alim Qubad İbadoğlu Azərbaycana qayıdıb. Novator.az-ın məlumatına görə, o, özünün “Facebook” səhifəsində yazır ki, Bakıda ilk təəssüratdan diqqəti cəlb edən sayı durmadan artan “Bravo” və “Araz” supermarketləri, “Euromed”, “Zeytun” və digər apteklər şəbəkəsidir: “Görünən odur ki, ərzağa və dərmana tələbat kəskin artıb. Bu və digər səbəblərdən həm dərman, həm ərzaq sürətlə bahalaşır və hər ikisi sahibkarlar üçün gəlirli, əhali üçün xərcli sahəyə çevrilir.
2014-cü ildə, Qırğızıstan hökumətinə müşavirlik etdiyim zaman iqtisadiyyat naziri olan, sonra baş nazir vəzifəsində çalışmış Temir Sariyev məndən ilk təəssüratımı soruşanda demişdim ki, paytaxt Bişkekdə kafelər, gözəllik salonları və səyahət agentlikləri çoxdur, elə bil əhali bəzənib kafeyə gedir, oradan da çıxıb səyahət edir.
Azərbaycanda isə sanki əhali keyfiyyətsiz ərzaq və su ilə qidalanıb, çirkli hava ilə nəfəs alıb, xəstələnib daim həkimlərə müraciət edir və sağalmaq üçün apteklərdən müntəzəm dərman alır”.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir. Uzun illər Müsavat Partiyasının öncül şəxslərindən olub.