İyulun 21-i Bakının Təzə Pir məscidində keçirilən Qurban bayramı mərasimində danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə 2020-ci ilin Vətən müharibəsində İranın da Azərbaycana dəstək verdiyini vurğulayıb, bu ölkənin ali rəhbərliyinə təşəkkür edib.
1949-cu il təvəllüdlü Allahşükür Paşazadə 1975-ci ildən indiki Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzə Pir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildən idarənin sədridir.
Novator.az-ın məlumatına görə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Allahşükür Paşazadənin çıxışını etirazla qarşılayıb. O yazır ki, şeyxülislamın Qurban bayramı xütbəsində Qarabağ müharibəsində qonşu dövlətlərin rolu ilə bağlı söylədikləri tam uğursuz açıqlamalardır, torpaqlarımızın azad olunmasında Türkiyə ilə İranın mövqe və rolunun eyniləşdirilməsi, bərabərləşdirilməsi cəhdi kimi qavranılıb: “Vətən müharibəsində şanlı qələbəni şəhidlərimizin qanı bahasına və qazilərimizin rəşadəti hesabına Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan dövləti qazanıb! Bu bizim qələbəmizdir!
Müharibə günlərində Azərbaycanın göylərində, ucalıqlarında, hər küçəsində, hər evində, döyüş meydanlarında Azərbaycan, Türkiyə və Pakistan bayraqları bir yerdə qaldırıldı, bir yerdə dalğalandı. Həmin bayraqlar indi də bir yerdə qalır, bir yerdə dalğalanır. O bayraqlar arasında İran İslam Respublikasının bayrağı yoxdur və bu, müharibədə kimin Azərbaycanın yanında necə yer almasının əyani nümayişidir.
İkinci Qarabağ müharibəsində Türkiyənin və İranın, hətta Pakistanın və İranın rolunu, mövqeyini necə eyniləşdirmək olar? Heç cür olmaz!
1994-cü ildən sonra İran Türkiyənin Qarabağ məsələsində tutduğu mövqeyin üçdən birinə bərabər mövqe tutsaydı, bu müharibə 2020-ci ildən çox-çox qabaq qurtarmışdı. Təəssüf ki, belə olmadı və düz 20 il İran Ermənistanda keçirilən bütün rəy sorğularında ermənilərin dost və müttəfiqləri arasında Rusiyadan sonra “fəxri” ikinci yerdə qərarlaşdı. Acı həqiqət budur”.
1957-ci il təvəllüdlü Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Azərbaycan Xalq Partiyası 1999-cu ildən dövlət qeydiyyatındadır.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci ilin Vətən müharibəsində – Azərbaycan Silahlı Qüvvələrinin həmin il sentyabrın 27-dən apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.