Xəzər Rayon Məhkəməsi AXCP üzvü Aqil Məhərrəmovun həbsdən vaxtından əvvəl azad edilməsi barədə müraciətinə baxışı yenidən təxirə salıb. Proses iyulun 23-dən iyulun 30-na keçirilib.
İyulun 15-nə təyin olunmuş proses əvvəl iyulun 16-na, ardınca iyulun 23-nə qalmışdı.
Cinayət Məcəlləsinə görə, məhkəmə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə üçün məhkumun saxlandığı müəssisənin müsbət rəyi zəruridir. Novator.az-ın əldə etdiyi bilgiyə görə, Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsi Aqil Məhərrəmova mənfi rəy verib, onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinin təmin olunmamasını istəyib.
Aqil Məhərrəmov 2018-ci il mayın 25-dən həbsdədir. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinən cəbhəçi 4 il həbs cəzası alıb.
İttihama görə, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və digər şəxslər bu işdə ona yardımçı olublar.
Saleh Rüstəmova 7 il 1 ay, AXCP üzvü Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzaları kəsilib, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) isə 6 il 8 aylıq şərti cəzalar alıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Azərbaycan Xalq Cəbhəsi (AXC) 1989-cu il iyulun 16-da yaradılıb. Təşkilat 1992-1993-cü illərdə hakimiyyətdə olub.
1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli rəhbərlik edir.
Hazırda daha üç cəbhəçi həbsdədir.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur.