Prezident İlham Əliyev Azərbaycan Televiziyasına 22 iyul müsahibəsində Qarabağın dağlıq bölgəsinin statusu məsələsinə də toxunub. O deyib: “Nə status var, nə Dağlıq Qarabağ. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sovet hökumətində təmsil olunan ermənilər bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul ediblər və Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Bu tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra – 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib”.
2020-ci ilin Vətən müharibəsini nəzərdə tutan dövlət başçısı qeyd edib ki, münaqişə öz həllini tapandan sonra Dağlıq Qarabağdan danışmaq yersizdir: “Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur.
Status məsələsi də həmçinin. Bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökumətinin ortalığa atdığı təxribat idi. Tarix hər şeyi yerinə qoyub”.
Prezident Yuxarı Qarabağda 25 min erməninin yaşadığını vurğulayıb: “Orada gedən proseslərlə bağlı bizim məlumatımız böyükdür, çoxşaxəlidir. Biz müharibədən əvvəl də bilirdik orada nələr baş verir. İndi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb.
İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb dəqiq bilirik orada nə qədər adam yaşayır – maksimum 25 min. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır? Mən, Azərbaycan prezidenti deyirəm, bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə. Başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox”.
Novator.az bildirir ki, 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Muxtar Dağlıq Qarabağ Vilayəti yaradılıb. 1936-cı ildə vilayətin rəsmi adı yenilənib: Dağlıq Qarabağ Muxtar Vilayəti.
1981-ci il iyunun 16-da Azərbaycan Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib.
1988-ci il fevralın 13-dən Dağlıq Qarabağda muxtar vilayətin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və tədricən açıq hərbi təcavüzə çevrilib.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvinə qərar verib.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci ilin Vətən müharibəsində – Azərbaycan Silahlı Qüvvələrinin həmin il sentyabrın 27-dən apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Vətən müharibəsindən sonra Azərbaycanın Yuxarı Qarabağ bölgəsində və Ermənistana gedən Laçın yolunda Rusiyanın sülhməramlı hərbi kontingenti yerləşdirilib.
Yuxarı Qarabağ bölgəsinin bir hissəsi, Laçın şəhəri və rayonun 6 kəndi Rusiya qoşunlarının və erməni separatçılarının nəzarətində qalır.