İyulun 22-də Ermənistanın Mərkəzi Seçki Komissiyası yeni parlamentə mandat alan şəxslərin siyahısını təsdiqləyib. Novator.az bildirir ki, iyunun 20-də keçirilmiş növbədənkənar seçkidə formalaşan parlament 107 deputatdan ibarətdir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası parlamentə 71 mandatla düşüb. İkinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəmləşdiyi Ermənistan blokunun 29, üçüncü prezident Serj Sərkisyanın Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” blokunun 7 mandatı var.
2017-ci il aprelin 2-də keçirilmiş parlament seçkisində Vətəndaş Sazişi Partiyasının daxil olduğu “Çıxış” bloku qanunverici orqana 9 mandat qazanıb.
2018-ci il aprelin 9-da Ermənistan parlament idarə üsuluna keçib: icra hakimiyyətinin ali orqanı funksiyası Nazirlər Kabinetinə, dövlət idarəçiliyinə rəhbərlik baş nazirə ötürülüb.
2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi blok qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub.
20 iyun seçkisində qələbə ilə Vətəndaş Sazişi Partiyası təkbaşına hökumət qura bilir.
Ermənistanda hökumətin strukturu qanunla müəyyən olunur, baş naziri və Nazirlər Kabinetinin başqa üzvlərini prezident təyin edir.
Mənbə: Armeniasputnik.am