2021-ci ilin ilk yarısının xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-iyun aylarında 8,8 milyard dollarlıq ixrac, 5,4 milyard dollarlıq idxal gerçəkləşib.
171 ölkə ilə ticarət əməliyyatı aparıldığı, gömrük orqanlarının büdcəyə 2 milyard 38,2 milyon manat vəsait ödədiyi vurğulanır.
Rəsmi məlumata əsasən, ixracın 9,2 faizi MDB ölkələrinin, 50,8 faizi Avropa İttifaqı ölkələrinin, 40 faizi başqa ölkələrin payına düşüb.
İdxalda MDB-nin payı 24 faiz, Avropa İttifaqının payı 19,9 faiz, başqa ölkələrin payı 56,1 faiz göstərilir.
Yanvar-iyun aylarında əsas tərəfdaş İtaliya olub, bu ölkə ilə ticarət ümumi dövriyyənin 23,8 faizi həcmində rəsmiləşib.
İxracda əsas ölkə İtaliya (ümumi ixracın 35,9 faizi), idxalda Rusiyadır (17,1 faiz).
Hesabata görə, ixracın 86,8 faizi neft-qaz sektoruna daxil olan mallardır.
İdxalda ən böyük pay maşın, mexanizm, elektrik avadanlıqları və onların hissələrinin payına düşür: 24,9 faiz.
Yarım ildə gömrük orqanları 217 cinayət xarakterli fakt, 9147 inzibati xəta qeydə alıb.