Koronavirus infeksiyasına görə tətbiq olunan məhdudiyyətlər yumşaldılan kimi norovirus infeksiyasına yoluxmalar çoxalmağa başlayıb.
Novator.az saytı “Sky News” kanalına istinadla bildirir ki, Böyük Britaniyanın İctimai Səhiyyə Xidməti yaxın vaxtda norovirusa yoluxmalarda qeyri-adi və qeyri-mövsümi artımın daha da sürətlənə biləcəyi haqda xəbərdarlıq edib.
İctimai Səhiyyə Xidməti bəyan edib ki, pandemiya dövründə norovirusa yoluxmalar minimal həddə ensə də, COVİD-lə əlaqəli məhdudiyyətlərin aradan qaldırılması start götürən kimi norovirus infeksiyasına yoluxanların sayı sürətlə artmağa başlayıb.
Son beş həftədə Böyük Britaniyada norovirusa 154 adam yoluxub. Bu, ötən beş ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Ötən beş ilin bu dövründə Böyük Britaniyada norovirusa orta hesabla 53 adam yoluxmuşdu.
İctimai Səhiyyə Xidməti hazırda norovirusun daha çox uşaqlar arasında, əsasən uşaq bağçalarında yayıldığını, nəticələrin proqnozlaşdırılandan çox olduğunu və yaxın zamanda yoluxmaların bütün yaş qruplarını əhatə edə biləcəyini açıqlayıb.
Norovirus “qış öyüməsi” kimi də tanınır. Əsas simptomları qəfil ürəkbulanma, qusma və ishaldır. Yüksək hərarət və qarın boşluğunda ağrılar da ola bilər.
Norovirusdan qorunmaq üçün bu infeksiyaya yoluxmuş adamla, yaxud belə adamların toxunduğu əşyalarla kontaktdan çəkinmək gərəkdir. Norovirus bu cür kontaktlar zamanı çox sürətlə ötürülür.
Əlləri yumaq vacibdir. Amma COVİD-dən fərqli olaraq spirtli gellər norovirusu öldürmür, ona görə əli sabunla yumaq məsləhətdir.
Evdə məişət əşyalarını, infeksiyanın düşə biləcəyi başqa yerləri (məsələn, tualeti, su kranlarını, tutacaqları, telefon dəstəyini, mətbəx mebelini və sair) ağardıcı məhlullarla, yaxud onların istu suyla qarışığı ilə yumaq tövsiyə olunur.
Döşəkağıları 60 dərəcə istidə yuyulmalıdır.
Bütün bu işləri birdəfəlik istifadə üçün nəzərdə tutulmuş əlcəklərlə görmək lazımdır.
Norovirusa yoluxan adam xəstə olduğu müddətdə və simtomlar yoxa çıxandan sonrakı 48 saat ərzində xörək bişirməməli, xörək bişirmə prosesində də iştirak etməməlidir. Çünki norovirus qida məhsulları, o cümlədən bişmiş qida vasitəsilə ötürülə bilir.
Norovirusa yoluxan adam həkim yanına, poliklinikaya, xəstəxanaya getməkdənsə, həkim məsləhətini onlayn yolla, telefon vasitəsilə alsa yaxşıdır. Ona görə ki, norovirus xəstəsi getdiyi yerlərdə adamları çox asanlıqla yoluxdura bilər.
Mənbə: News.sky.com