Ukrayna parlamenti – Ali Rada iyulun 16-da Denis Monastırskini daxili işlər naziri təyin edib. Novator.az bildirir ki, hakim Xalq Xidmətçisi Partiyasının üzvü olan Denis Monastırski hüquq elmləri namizədidir.
1980-ci il təvəllüdlü Denis Monastırski bu təyinata qədər Ali Radanın hüquq mühafizə fəaliyyəti məsələləri komitəsinin sədri idi.
Əvvəlki daxili işlər naziri Arsen Avakov iyulun 13-də istefa verib. O, nazir postunu 2014-cü il fevralın 22-dən tuturdu.
Arsen Avakov ermənidir. 1964-cü ildə Bakıda doğulan Arsen Avakov iki yaşından Ukraynada yaşayır. Xarkov Politexnik İnstitutunun məzunudur. 2005-2010-cu illərdə Xarkov vilayətinin qubernatoru, sonra Ali Radanın deputatı olub.
Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlament çoxluğu formalaşdırır. Hazırda prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası hakim siyasi qüvvədir.
Vladimir Zelenski 2019-cu il mayın 20-dən Ukrayna prezidentidir.