UEFA Çempionlar Liqasının 2021-2022 mövsümündə ilkin raund və birinci mərhələ arxada qalıb. Novator.az bildirir ki, ümumilikdə 20 komanda turnirdən ələnərək Konfrans Liqasına keçib. İkinci mərhələyə (20-28 iyul) Xorvatiyadan “Dinamo”, İsveçdən “Malmö”, Qazaxıstandan “Kayrat”, Azərbaycandan “Neftçi”, Bolqarıstandan “Ludoqorets”, Rumıniyadan “Kluj”, Polşadan “Legiya”, Slovakiyadan “Slovan”, Sloveniyadan “Mura”, Macarıstandan “Ferensvaroş”, Litvadan “Jalgiris” (Vilnüs), Ermənistandan “Alaşkert”, Moldovadan “Şerif”, Finlandiyadan HİK, Cəbəllütariqdən “Linkoln”, Estoniyadan “Flora” adlayıb.
Kiprdən “Omoniya”, İsveçrədən “Yanq Boyz”, Yunanıstandan “Olimpiakos”, Serbiyadan “Srvena Zvezda”, Niderlanddan PSV, Türkiyədən “Qalatasaray”, Avstriyadan “Rapid”, Danimarkadan “Midtülland”, Şotlandiyadan “Seltik”, Çexiyadan “Sparta” yarışa həmin raunddan başlayır.
Şotlandiyadan “Reyncers”, Çexiyadan “Slaviya”, Fransadan “Monako”, Portuqaliyadan “Benfika”, Rusiyadan “Spartak” (Moskva), Belçikadan “Genk”, Ukraynadan “Şaxtyor” üçüncü mərhələdədir (3-10 avqust).
Avstriyadan “Zalsburq”, Danimarkadan “Brondbü” dördüncü mərhələyə (17-25 avqust) buraxılıb.
İspaniyadan “Atletiko”, “Real”, “Barselona”, “Sevilya”, “Vilyarreal”, İngiltərədən “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, Almaniyadan “Bavariya”, “Leypsiq”, “Borussiya” (Dortmund), “Volfsburq”, İtaliyadan “İnter”, “Milan”, “Atalanta”, “Yuventus”, Fransadan “Lill”, PSJ, Portuqaliyadan “Sportinq”, “Portu”, Rusiyadan “Zenit”, Belçikadan “Brügge”, Ukraynadan “Dinamo”, Niderlanddan “Ayaks”, Türkiyədən “Beşiktaş” rəqibləri qrup raundunda (14 sentyabr-8 dekabr) gözləyir.
Birinci raundu arxada qalan Konfrans Liqasını 33 komanda tərk edib.
Avropa Liqası hələ start götürməyib.
Reqlamentə görə, Çempionlar Liqasının ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən və qrup mərhələsində üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının iki təsnifat raundunda ələnən və qrup mərhələsində üçüncü yeri tutan komandalar Konfrans Liqasına transfer olunacaq.
Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Neftçi” birinci raundda Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını mübarizədən kənarlaşdırıb, ikinci raundda Yunanıstandan “Olimpiakos”la görüşəcək.
Konfrans Liqasında Azərbaycanın üç komandası var: “Keşlə”, “Qarabağ” və “Sumqayıt”. Onlar turnirə ikinci mərhələdən (22-29 iyul) başlayır. Püşk “Keşlə”yə Rusiyadan “Soçi”ni, “Qarabağ”a İsraildən “Aşdod”u, “Sumqayıt”a Serbiyadan “Çukariçki”ni qismət edib.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 29-cu pillədədir. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində, 1/8 final, 1/4 final, yarımfinal və finalda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.
Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.
Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Bu mövsüm Azərbaycan 0,500 əmsal əldə edib.