İyulun 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərarlar elan edəcək.
Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev yazır ki, Rövşən Mahmudov və Yaşar Ağazadənin şikayəti “Müxalifət” qəzetinin baş redaktorunun və əməkdaşının siyasi xadim Cəlal Əliyevi ləkələdiyi iddia edilən məqalədən sonra cinayət məsuliyyətinə alınmaları ilə bağlıdır. Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayətindən sonra Rövşən Mahmudov və Yaşar Ağazadə 16 may 2007-ci ildə böhtana görə məhkum ediliblər. Onların hər birinə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 2007-ci ilin dekabrında jurnalistlər əfvlə azadlığa buraxılıblar.
Ərizəçilər Avropa Məhkəməsinə şikayətdə Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.
Jurnalist Azər Əhmədov “Azadlıq” qəzetinin direktoru olan zaman həmkarı Aqil Xəlilin bıçaqlanmasının istintaqı çərçivəsində telefonunun dinlənilməsindən şikayətçidir, şəxsi həyata hörmət, ifadə azadlığı, ədalətli məhkəmə araşdırması və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozulduğunu bildirir.
Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramovun şikayəti pul borcunu ödəmədiklərinə görə həbs edilmələri ilə bağlıdır. Ərizəçilər Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması və borca görə azadlıqdan məhrumetmənin qadağan olunması maddələrinin pozuntusu ilə üzləşdiklərini düşünürlər.
Hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub.