Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39,9 milyard manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib: “Neft-qaz sektorunda istehsal 4,7 faiz azalıb, qeyri neft-qaz sektorunda 5,1 faiz artıb, əhalinin hər nəfərinə 3987,6 manat ÜDM düşüb.
Sənayedə istehsal 2020-ci ilin yanvar-iyun aylarına nəzərən 0,3 faiz enib, kənd təsərrüfatında 5,6 faiz yüksəlib.
Yarım ildə əsas kapitala 5 milyard 919,4 milyon manat məbləğində, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz az vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalıb.
Nəqliyyat sektorunda yük daşınması 2020-ci ilin ilk yarısına nəzərən 4,2 faiz, sərnişin daşınması 19,5 faiz geriləyib.
İnformasiya və rabitə xidmətlərinin həcmi 5,5 faiz artıb, pərakəndə ticarət şəbəkəsində dövriyyə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,3 faiz irəli gedib.
İyunun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin eyni dövrünə nisbətən 0,7 faiz azalaraq 724 manata düşüb.
2020-ci ilin ilk yarısı ilə müqayisədə yanvar-iyun aylarında əhalinin gəlirləri nominal ifadədə 0,4 faiz artaraq 27,6 milyard manat olub.
Yarım ildə dövlət büdcəsinə 11 milyard 755 milyon manat vəsait gəlib, büdcədən 11 milyard 590,5 milyon manat vəsait xərclənib.
İyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 67,1 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 635,2 milyon manat olub”.