Koronavirus infeksiyasına yoluxub sağalmış insanlar virusdan yetərincə qoruna bilmək üçün nə vaxt və neçə dozada peyvəndlənməlidirlər?
Novator.az-ın məlumatına görə, Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində dərc olunmuş yazıda bildirilir ki, hazırda dünyada davam edən kütləvi vaksinasiya prosesində ortaya çıxan əsas suallardan biri budur.
Almaniyalı immunoloqların fikrincə, infeksiyaya yoluxub sağalmış adamların iki dozada peyvəndlənməsinə ehtiyac yoxdur.
Almaniya İmmunoloqlar Cəmiyyətinin rəhbəri, professor Karsten Vatsl COVİD-19 xəstəliyini keçirmiş pasiyentlərə peyvəndin bir dozasının kifayət etdiyini deyir. Professor ikinci dozanın təhlükə yaratmadığını, ancaq buna ehtiyac olmadığını da vurğulayır.
Karsten Vatslın sözlərinə görə, yoluxmadan sonra virusa qarşı hətta az miqdarda antitelə yiyələnmiş insanların da immun sistemi peyvəndin bir dozasına güclü reaksiya verir və onlar bir doza nəticəsində başqalarının iki dozada qazandığı qədər antitelə sahiblənə bilirlər.
Almaniya İmmunoloqlar Cəmiyyətinin sədr müavini, professor Raynhold Förster də koronavirusdan sağalmış insanların peyvəndin bir dozasıyla xəstəlikdən yetərincə müdafiə olunduğunu düşünür. O deyir ki, belə pasiyentlərə vaksinin ikinci dozasını vurmaqdansa peyvəndlənməmiş insanları vaksinasiya prosesinə cəlb etməklə məşğul olmaq lazımdır.
Almaniyanın Ümumi Vaksinasiya Komissiyası da koronavirusdan sağalmış adamlara peyvəndin yalnız bir dozasını qəbul etməyi məsləhət görür. Komissiyanın tövsiyəsinə görə, həmin dozanı xəstəlikdən sağalandan 6 ay sonra vurdurmaq daha yaxşıdır.
Almaniyanın Robert Kox İnstitutunun araşdırmasına görə, peyvəndin bir dozası infeksiyadan sağalmış insanlarda immun sistemini daha da gücləndirməyə bəs edir. Bu institutun mütəxəssisləri koronavirusdan sağalmış adamlara 6 ay sonra peyvəndlənməyi və bir doza ilə kifayətlənməyi tövsiyə edirlər. İnstitut bəyan edir ki, koronavirusdan sağalmış pasiyent dövlət səviyyəsində təsdiqlənmiş istənilən peyvəndin bir dozasını qəbul etməklə xəstəliyə qarşı güclü immunitet qazana bilər.
Mənbə: Dw.com
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya 2021-ci il yanvarın 18-dən gedir. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 14 iyul 2021-ci il arayışında qeyd olunub ki, koronavirus xəstəliyini keçirmiş və bununla bağlı PZR testi (bu test zamanı burun-udlaqdan yaxma materialına baxılır) vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər immunitet sertifikatı əldə edə bilər: “Elmi tədqiqatlar görə, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən immunitet sertifikatının etibarlılıq müddəti 6 ay qəbul edilib.
Altı ay əvvəl xəstəliyə yoluxmuş və 2 iyul 2021-ci ildən sonra immunitet sertifikatının müddəti bitdiyi üçün Azərbaycanda istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin immunitet sertifikatı müddətsiz olaraq uzadılır. 2 iyul 2021-ci ildən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər 2-ci doza vaksini mütləq vurdurmalıdır”.