Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınaraq məhkum olunan şəxslərin işi Bakı Apellyasiya Məhkəməsinə gedir. Novator.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsinin azadlıqdan şərti məhrumetmə hökmlərindən verilən apellyasiya şikayətlərində bəraət istəyi yer alır.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu (o cümlədən general-mayor Polad Həşimov) və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
Səbail Rayon Məhkəməsi üç qrupa ayırdığı şəxslərin mühakiməsini 2021-ci ilin fevral ayından aparıb.
İyunun 14-də 12 şəxsə hökm oxunub. AXCP üzvləri Fuad Qəhrəmanlı və Məmməd İbrahim 4 il 1 ay, Bəxtiyar İmanov və Ayaz Məhərrəmov 3 il 7 ay, qalan 8 nəfər (Tural Vəliyev, Azər Məmmədov, Ariz Səfərov, Elçin Məmmədov, Fərid Abadov, Səbuhi Mustafayev, Ramiz Babayev, İlkin Əliyev) 2 il 7 ay azadlıqdan şərti məhrumetmə cəzaları alıb.
İyunun 17-də AXCP fəalı Ruslan Əmirov 4 il müddətinə azadlıqdan şərti məhrum edilib.
İyunun 21-də 12 nəfərə azadlıqdan şərti məhrumetmə cəzaları kəsilib. AXCP-dən Asif Yusifli 3 il 6 ay, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədov 3 il, Seymur Əhmədov 2 il 6 ay şərti iş alıb.
Digər şəxslərdən Taleh Məmişova 3 il 6 ay, Dəyanət Mövlayev, Kamil Mahmudov, Siyavuş Mustafayev, Elçin Mehdiyev, Şəmsi Rəhimli, Pərvin Çobanova 3 il şərti iş verilib.
İyunun 22-də AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev və daha 5 nəfər (Ceyhun Məmmədov, İsmayıl Məmmədov, Emin Hüseynzadə, Fariz Məmmədov, Vüsal Quliyev) 2 il 9 ay müddətinə azadlıqdan şərti məhrum edilib.
Təqsirləndirilən şəxslərin 36-sı bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri, dekabrın 7-də 15 nəfəri ev dustaqlığına buraxıb.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
Təqsirləndirilən Müşviq Vahabov ev dustaqlığına buraxılandan sonra hüquq mühafizə orqanlarından yayınıb, hazırda axtarışdadır.
Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb, 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilib. Onun istintaqı və mühakiməsi ayrıca aparılıb.