Ukraynada daxili işlər naziri dəyişir. Novator.az-ın məlumatına görə, iyulun 13-də Arsen Avakov nazir vəzifəsindən istefa verib. İstefa müraciətinə iyulun 14-də parlamentin – Ali Radanın iclasında baxılmalıdır.
Arsen Avakov ermənidir. 1964-cü ildə Bakıda doğulan Arsen Avakov iki yaşından Ukraynada yaşayır. Xarkov Politexnik İnstitutunun məzunudur. 2005-2010-cu illərdə Xarkov vilayətinin qubernatoru postunu tutub, sonra Ali Radanın deputatı seçilib. 2014-cü il fevralın 22-dən daxili işlər naziridir.
Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlament çoxluğu formalaşdırır. Hazırda prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası hakim siyasi qüvvədir.
Vladimir Zelenski 2019-cu il mayın 20-dən Ukrayna prezidentidir. Onun daxili işlər naziri postuna 1980-ci il təvəllüdlü hüquqçu Denis Monastırskini namizəd göstərdiyi bildirilir.
Xalq Xidmətçisi Partiyasının üzvü olan Denis Monastırski hüquq elmləri namizədi, Ali Radanın hüquq mühafizə fəaliyyəti məsələləri komitəsinin sədridir.