Böyük Britaniyanın “Sky News” kanalının internet səhifəsində havanın çirkli olmasının koronavirus infeksiyasına təsirinə dair yazı yerləşdirilib.
Novator.az-ın məlumatına görə, yazıda bildirilir ki, alimlər çirkli havanın koronavirus infeksiyasına təsirini pandemiya dövründə bir neçə dəfə araşdırıblar. Bütün araşdırmalar çirkli havanın koronavirus infeksiyasını gücləndirdiyini üzə çıxarıb.
Ən son araşdırma ABŞ-ın Detroyt şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada, 2038 pasiyent arasında aparılıb. Süni nəfəs aparatına və intensiv terapiyaya ehtiyac duyan xəstələrin əksərinin havası daha çirkli rayonlarda yaşadığı aydınlaşıb.
Həkimlər bunu çirkli havanın insanda immun sistemini zəiflətməsi və infeksiyalara daha dözümsüz hala gətirməsi ilə əlaqələndirirlər. Eyni zamanda bildirirlər ki, çirkli havada virus daşıyan zərrəciklərin sayı daha çox ola, beləliklə, hava (çirkli hava) virusun yayılmasına daha geniş zəmin yarada bilər.
2020-ci ildə aparılan və nəticəsi Avropa kardioloqlarının rəsmi jurnalında (“Cardiovascular Research”) dərc edilən tədqiqat da dünyanın hər yerində havadakı çirkliliyin koronavirus infeksiyasından ölənlərin sayını artırdığını təsdiqləyib.
Həmin araşdırmanı aparmış mütəxəssislərin qənaətinə görə, dünyada COVİD-19 infeksiyası səbəbindən baş verən ölümlərin 15 faizində, regionlar üzrə götürdükdə isə Avropadakı ölümlərin 19 faizində, Şimali Amerikadakı ölümlərin 17 faizində, Şərqi Asiyadakı ölümlərin 27 faizində havanın çirkliliyinin uzunmüddətli təsirlərinin rolu var.
Ona görə alimlər hesab edirlər ki, havanın çirklənmə səviyyəsi yüksək olmasaydı, koronavirus infeksiyasından ölümlərin sayı indikindən daha az olardı.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 222 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyası 4 milyon 66 mindən çox adamın ölümünə səbəb olub.
Mənbə: News.sky.com