Prezident İlham Əliyev iyulun 13-ü Bakda Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan rəsmilərindən ibarət üçtərəfli işçi qrupun fəaliyyəti müzakirə olunub.
Xəbəri AZƏRTAC yayıb.
Aleksey Overçuk Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin də daxil olduğu işçi qrupun həmsədridir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ vilayətini və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarda ərazilərin bir hissəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bəyanata əsasən, hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək ərazilərin daha bir qismini Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
10 noyabr 2020-ci il razılaşması bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. Birgə bəyanata görə, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.
2021-ci il yanvarın 11-i Moskvada görüşən İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin daha bir bəyanat imzalayıblar. Bəyanata əsasən, regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. İşçi qrupda Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı baş nazirin müavini Aleksey Overçuk, Ermənistanı baş nazirin müavini Mger Qriqoryan təmsil edir.