İyulun 13-də Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə prezident İlham Əliyevin çıxışı təqdim olunub.
İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 10 il əvvəl üzv qəbul edildiyini xatırladıb: “Qısa müddət ərzində ölkəmiz hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi.
2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının zirvə görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük. Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdi. Təəssüf ki, COVİD-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı. Lakin biz yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildik. Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik”.
Dövlət başçısı qeyd edib ki, 2020-ci il Azərbaycan üçün əlamətdar il olub: “30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq təşkilat da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub.
Son illər ərzində Ermənistan danışıqlar prosesini məqsədli şəkildə məhv edir, Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi. 2020-ci ildə Ermənistan dövlət sərhədi və keçmiş təmas xətti boyu üç dəfə hərbi təxribatlara əl atdı və nəticədə hərbçilərimiz və mülki vətəndaşlarımız həlak oldular.
Ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi.
Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu.
Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.
Azərbaycanın şanlı qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir. Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk”.
Qoşulmama Hərəkatı 100-dən çox dövləti birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata Azərbaycan 2011-ci il mayın 26-da qəbul olunub.