Siyasətçi Tofiq Yaqublunun anası Hürümələk xanım iyulun 11-də vəfat edib. Dəfn mərasimi iyulun 13-ü Gürcüstanda, Bolnisi rayonunun İncəoğlu kəndində olacaq.
Bakıda ev dustağı olan Tofiq Yaqublunun anasının dəfninə buraxılması üçün dövlət orqanlarına müraciət edilib.
Novator.az-ın məlumatına görə, Tofiq Yaqublu özünün “Facebook” səhifəsində yazır ki, 1993-cü ildən bu yana hər dəfə həbs olunanda, döyüləndə, işgəncəyə məruz qalanda anası Bakıdakı qohumlardan tez çatdırıb özünü: “İndi mən onun dəfninə gedə bilmirəm, çünki yenə də mənə qarşı uydurma və həyasız bir cinayət işi qaldırıblar. Artıq yeddinci aydır Bakı Apellyasiya Məhkəməsi heç bir səbəb göstərmədən təxirə salınmış prosesi bərpa etmir və buna görə hələ də ev dustaqlığında qalıram. Ölkədən çıxışım yasaqdır.
Anamın səhhətinin ağır olduğunu nəzərə alaraq iyun ayının 30-da məhkəməyə müraciət etdim ki, heç olmasa onun son nəfəsində yanında ola bilməyim üçün qısa müddətə ölkədən çıxışıma icazə verilsin. Heç bir reaksiya gəlmədi”.
Tofiq Yaqublunun qızı Nigar Həzi iyunun 18-də özünün “Facebook” səhifəsində yazmışdı ki, ağır xəstə olan nənəsinə baş çəkmək məqsədilə həyat yoldaşı Seymur Həzi ilə birgə Gürcüstana yollanmaq istəyir, ancaq problemlə üzləşib: “Azərbaycan Hava Yolları”nın (AZAL) struktur bölməsi olan “Buta Airways” şirkəti bizə təyyarə bileti satmır. İnternetlə bilet ala bilmirəm. Dörd-beş gün qabaq “Expressbank”da olan hesabımla iyunun 21-nə Gürcüstanın paytaxtı Tbilisiyə bilet almaq istədim, ancaq mümkün olmadı. Adımızı ya aviaşirkət, ya da bank xüsusi işarələnmiş kimi qeyd edir.
Aviakassada işləyən tanışımdan bizə bilet almasını istədim. O da bilet ala bilmir. Hiss edirəm ki, bizimlə bağlı xüsusi tapşırıq var və yuxarıdan təsdiq gözləyirlər”.
İyulun 12-də isə siyasətçinin oğlu Rəhim Yaqublu nənəsinin dəfninə gedə bilməyib. Tofiq Yaqublu yazır ki, hərbi xidmətdən yeni qayıtmış oğlu Bakının hava limanından Gürcüstanın paytaxtı Tbilisiyə uçmalı imiş, ancaq çağırışçıların ölkədən çıxmasına yasaq üzündən təyyarəyə buraxılmayıb.
Müsavat başqanı Arif Hacılı yazır ki, Tofiq Yaqublunun anasının ağır xəstə olduğu çoxdan bəlli idi: “Tofiq Yaqublu rəsmi müraciət etsə də, qondarma cinayət işi bəhanə edilərək anası ilə vidalaşması üçün Gürcüstana getməsinə icazə verilmədi. İndi onun özü, qızı Nigar Həzi, yenicə hərbi xidmətini başa vurub qayıtmış oğlu Rəhim Yaqublu müxtəlif bəhanələrlə ölkədən buraxılmır. Tanınmış ictimai xadimlər, jurnalistlər, ayrı-ayrı vətəndaşlar məsələnin həlli, ailənin mərhum ananın dəfn mərasimində iştirakına şərait yaradılması üçün müraciətlər edir. Hakimiyyət isə nəinki müsbət reaksiya vermir, əksinə, yeni-yeni problemlər uydurur. Övladın valideyni ilə vidalaşmasına imkan verməmək, onu anasının dəfninə buraxmamaq ölçüyə gəlməyən, əndazəni aşan davranışdır. Bu davranışda ləyaqətli siyasi mübarizənin heç bir əlaməti yoxdur.
Əgər süni yaradılmış problemlər gün ərzində həll edilməsə, Tofiq Yaqublu və onun ailəsi mərhum ananın dəfn mərasiminə buraxılmasa, bu, hakimiyyətin fəaliyyət tarixində növbəti qara ləkə olacaq”.
1961-ci ildə Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılıb. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə paytaxtın Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – 2020-ci il sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.
Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayəti üzrə yekun qərar çıxarmayıb. Siyasətçi bəraət istəyir.
Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.