İyulun 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. 1919-cu ilin həmin günü Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilib. 2007-ci ildə iyulun 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi rəsmiləşib.
Prezident İlham Əliyev ötən gün, iyulun 8-də bu şəxsləri “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edib: Abduləzimov Elşən Səməd oğlu, Allahverdiyev Elçin Hüseyn oğlu, Aslanov Azad Xanlar oğlu, Cabbarov Abbas Hüseyn oğlu, Cəfərov Sədi Rasim oğlu, Əşrəfzadə Elvin Ülfət oğlu, Hüseynova Aygün Əbülfəz qızı, Hüseynova Nigar Ramiz qızı, Qasımov Mahur Hafiz oğlu, Məmmədov Eldar Həsən oğlu, Məmmədova Hüsniyyə Rafael qızı, Soltanov Fərid Rafael oğlu, Şahyarov Şahin Arzuman oğlu, Yaqubova Aysel Şakir qızı.
Başqa bir sərəncamla Abdullayeva Leyla Yaşar qızı, Həbibzadə Elcan İbrahim oğlu, Rəfiyev Yalçın İlqar oğlu ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi alıb.
Novator.az bildirir ki, 2020-ci il iyulun 16-dan Azərbaycanın xarici işlər naziri postunu Ceyhun Bayramov tutur. O, 16-cı xarici işlər naziridir.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici işlər naziri vəzifəsində Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Cəfərov əyləşiblər.
Sovet hakimiyyətinin qurulduğu 1920-ci ildən 1921-ci ilədək xarici siyasət idarəsinin başında Nəriman Nərimanov, Mirzə Davud Hüseynov dayanıblar.
1922-1944-cü illərdə Azərbaycanın xarici siyasət qurumu fəaliyyət göstərməyib.
1944-cü ildən xarici siyasət qurumunun rəhbəri postunda bu şəxslər bir-birini əvəzləyib: Mahmud Əliyev, Tahirə Tahirova, Elmira Qafarova.
1988-ci ildə xarici işlər postuna Hüseynağa Sadıqov təyin olunub. Bu vəzifədə 1992-ci il mayın 29-dək çalışan Hüseynağa Sadıqov 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk xarici işlər naziri sayılır.
Müstəqillik illərində bu şəxslər də xarici işlər naziri olub: Tofiq Qasımov, Həsən Həsənov, Tofiq Zülfüqarov, Vilayət Quliyev, Elmar Məmmədyarov.