Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı ilə “Media haqqında” qanun layihəsi hazırlanır. Novator.az-ın məlumatına görə, Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarix elmləri doktoru Cəmil Həsənli layihə barədə ilkin açıqlamalara əsaslanaraq yazır ki, hakimiyyət sosial şəbəkələrə, sosial mediaya “qanuni” yollarla tələ qurur, media qanunu adı altında onu boğmağın “hüquqi” əsaslarını hazırlayır. O qeyd edir ki, ölkənin kütləvi informasiya vasitələri təsirsiz vəziyyətə gətirilib: “Bir əsr yarım əvvəl “Əkinçi” regionlarda daha geniş yayılırdı, nəinki İlham Əliyevin böyük maliyyə yardımı göstərdiyi qəzetlər. Qəzet yardımla yaşamaz, onu oxucu yaşadar. Bu oxucu da yoxdur. Ona görə yoxdur ki, ələbaxan mətbuatda oxucunu maraqlandıran bir şey yoxdur.
Bir müddət əvvəl biz Bakının qəzet köşklərində (əslində xırdavat ticarəti məntəqələrində) monitorinq apardıq. Bu köşklərin hər biri ayda orta hesabla cəmi 100 manatlıq qəzet satır. Bu 100 manatın 40 manatı nəşriyyata, 40 manatı yayım şirkətinə, vur-tut 20 manatı mətbuata çatır. Bakı şəhərində 250-300 belə köşk varsa, özünüz hesablayın çap mətbuatının satışdan gələn aylıq gəliri nə qədərdir.
Hökumət mətbuatın bazarın öldürür, amma yeni qanunda vahid mərkəzdən vəsiqə verəcəyi jurnalistlərə güzəştli kreditlər və digər sosial güzəştlər vəd edir.
Əvvəla, dövlətdən güzəştli kredit alıb asılılığa düşən jurnalist hökumətin fəaliyyətinə ictimai nəzarət funksiyasını necə yerinə yetirəcək?
İkincisi, hökumətin güzəştli kredit vermək imkanı varsa, onu niyə şəhid ailələrinə, qazilərə deyil, jurnalistlərə verməlidir?
Küçə-metro satışı yoxdur, rayonlar qəzet üzünə həsrətdir, hökumət reklamı mətbuatdan qaçaq salıb. Bəs onda mətbuat necə yaşamalıdır? Şübhəsiz ki, yardım hesabına. Pul da yazmağa görə yox, yazmamağa görə verilir. Hökumətin strategiyası əhalini məlumatsız saxlamaqdır”.
Cəmil Həsənli əlavə edir ki, yeni hazırlanan “Media haqqında” qanunun məqsəd və məramı sosial medianı, sosial şəbəkələri boğmaq üçün “hüquqi” əsaslar yaratmaqdır: “Layihədə internet mediasına nəzarət və sosial şəbəkə fəallarının məsuliyyətə cəlb etməyin çox müxtəlif yolları nəzərdə tutulur. Sosial media mətbuatın və azad sözün boğulduğu bir ölkədə alternativ məlumat funksiyasını yerinə yetirir. Əhali hakimiyyətin yarıtmaz siyasətinə etirazlarını burada edir, milli-mənəvi və sosial ehtiyaclarla bağlı kampaniyanı məhz sosial şəbəkələrdə aparır. Azad rəqabət mühiti və kimin nəyə qadir olduğu bilavasitə sosial mediada daha qabarıq görünür. “Media haqqında” yeni qanunun əsas hədəfi də sosial mediaya nəzarətin “hüquqi” əsasların əldə etmək, yəni “qanuni” vasitələrə sosial medianı sıradan çıxarmaq olacaq. İndiyə qədər layihənin ictimaiyyətdən gizli saxlanması və beynəlxalq ekspertizaya verilməməsi də, şübhəsiz, bununla bağlıdır.
İnternet televiziyasına lisenziya: təklif necə qarşılanır?
İnternetdə yayım: lisenziya məsələsi ilə bağlı yeni açıqlama