Novator.az dövlət başçısının iqtisadi rayonlar fərmanına şərhləri təqdim edir.
İyulun 7-də prezident İlham Əliyev iqtisadi rayonların yeni bölgüsünə fərman verib. Bölgü belə müəyyən olunub: Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan.
İqtisadçı Rövşən Ağayev yazır ki, iqtisadi rayonlaşma sovet dövründə idarəetmə aləti kimi geniş tətbiq olunub: “Bu sistem mərkəzi planlaşdırmanın tərkib hissəsi idi, iqtisadi ixtisaslaşmanın dərinləşdirilməsi, sovet termini ilə desək, “məhsuldar qüvvələrdən daha səmərəli istifadə” üçün oxşar coğrafi şərtlərə, ortaq istifadə edilə bilən resurslara sahib yaxın ərazilərin sərhədləri daxilində iqtisadi rayonlar qurulurdu, bir iqtisadi rayon metallurgiya, biri kənd təsərrüfatı üzrə ixtisaslaşırdı. Hətta bəzən daha dar ixtisaslaşma nümunələri olurdu – dənli bitkilər və heyvandarlıq üzrə iqtisadi rayonlar təşkil edilirdi.
Sovet dönəmində iqtisadi rayonlaşma yüksək mərkəzləşməyə xidmət edir, onu daha da gücləndirirdi.
Kapitalist iqtisadi modelinin olduğu ölkələrdə administrativ rayonlaşmaya üstünlük verilir. Administrativ rayonlaşmada (regionlaşmada) iqtisadi rayonların avtonom idarəetmə (hakimiyyət), müstəqil maliyyə mənbələri olur, regionlaşma yüksək əks-mərkəzləşməni gücləndirən əsas rıçaqlardan sayılır.
Bu sahədə Avropa Şurasının üç mühüm tövsiyəsi var. 65, 83, 278 saylı həmin tövsiyələrin əsas vurğusu budur ki, regionlaşma iqtisadi inkişaf prosesinə müsbət təsir edir, Avropaya inteqrasiyada mühüm rol oynayır, müxtəlif idarəetmə səviyyələri arasında səlahiyyətlərin və maliyyə resurslarının daha səmərəli bölüşdürülməsinə mühüm töhfə verir”.
İqtisadçı Qubad İbadoğlu qeyd edir ki, rayonlar arasında rəqabət mühitinin formalaşdırılması, regionlara sərmayə qoyuluşlarının sürətləndirilməsi, onların iqtisadi müstəqilliyinin artırılması üçün fiskal əks-mərkəzləşdirmə islahatları aparılmalı, iqtisadi rayonlar üzrə paylı vergi sistemi tətbiq edilməlidir: “Bununla yanaşı işğaldan azad olmuş ərazilərdə məskunlaşmanın sürətləndirilməsi və yerli özünüidarəetmə institutlarının yaradılması istiqamətində addımlar atılmalı, məskunlaşmadan sonra azad və şəffaf yerli seçkilər keçirilməlidir”.
İqtisadçı Natiq Cəfərli Bakının ayrıca iqtisadi rayon kimi elan edilməsinın gələcəkdə böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisi ilə tamamlanacağına ümid etdiyini yazır: “Ümumən iqtisadi rayonların inzibati regionlara çevrilməsi çox önəmlidir. Yoxsa bütün yaxşı təşəbbüslər kimi bu addım da ölkənin inkişafını buxovlayan bürokratik sisteminin içində boğulacaq”.