Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 8-də Azərbaycandan şikayətlər üzrə qərarlar elan edib. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, jurnalistlər Elnur Məmmədov və İdrak Abbasov məhkəmə qarşısında Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusu məsələlərini qaldırıblar.
Hər iki ərizəçi 2009-cu ildə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı olarkən “Milli yol” qəzetinin ofisində polis əməliyyatı zamanı mülki geyimli şəxslərin fiziki müdaxiləsi ilə üzləşiblər, Elnur Məmmədov zorla avtomobilə mindirilib və 1 saatdan sonra tanımadığı ərazidə sərbəst buraxılıb.
Ərizəçilər Daxili İşlər Nazirliyinə müraciətdə jurnalist fəaliyyətlərinə əngəl yaradılmasına, Elnur Məmmədovun azadlıq və toxunulmazlıq hüququna müdaxiləyə görə cinayət işi açılmasını istəyiblər. Müraciət rədd olunub, yerli məhkəmələr də bunu qanuni və əsaslı sayıb.
Avropa Məhkəməsinin 2021-ci il iyulun 8-də açıqlanan qərarına görə, Azərbaycan dövləti Elnur Məmmədova 7000 avro, İdrak Abbasova 5500 avro təzminat ödəməlidir.
Jurnalist Əli Həsənov (vəfat edib) şikayətində ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusuna məruz qaldığını iddia edib. O, müharibə veteranı haqda yazılara görə məhkum olunub. Əli Həsənov yazıların müəllifi olmadığını bildirib, ancaq təhqir ittihamı ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Avropa Məhkəməsinin iyulun 8-də bəyan olunan qərarı mərhum jurnalistin ailəsinə 1700 avro təzminat ödənməsini nəzərdə tutur.
Hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub.