Niderlandda aparılan yeni araşdırma ev pişikləri və itləri arasında koronavirusa yoluxmaların təxmin ediləndən daha çox olduğunu üzə çıxarıb.
Tədqiqat Niderlandın Utrext Universitetinin alimi Els Broensin rəhbərliyi ilə aparılıb.
Novator.az saytı ABŞ-ın “Reuters” agentliyinə istinadla bildirir ki, doktor Broens tədqiqatın nəticələrini bugünlərdə Avropa Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində çıxışı zamanı açıqlayıb.
O, koronavirusa yoluxmuş insanların yaşadığı 196 evdə 156 iti və 154 pişiyi COVİD testindən keçirdiklərini deyib.
Testdən keçirilən heyvanların 17%-də – 31 pişikdə və 23 itdə COVİD-19 infeksiyasına qarşı antitel aşkarlanıb. Bu isə həmin it-pişiklərin koronavirusa yoluxduğu qənaətini doğurub.
Əsas fərziyyə belədir ki, heyvanlar virusa insanlardan yoluxublar. Ona görə də Els Broens koronavirusa yoluxmuş insanlara sağalanadək ev heyvanlarından uzaq durmağı tövsiyə edir.
Alimin sözlərinə görə, ən azı hər beş ev heyvanından birini sahibinin virusa yoluxdurması ehtimalı var.
Tədqiqat koronavirusa yoluxmuş itlərin və pişiklərin xəstəliyi ağır keçirmədiyini, tez sağaldığını və infeksiyanı olduqları evdə başqa heyvanlara ötürmədiyini də aşkarlayıb.
COVİD-19 virusunun mənşəyinin yarasalar olduğu ehtimal edilir. Artıq bəllidir ki, insanlar da daxil olmaqla məməlilər sinfinə aid müxtəlif canlılar bu infeksiyaya yoluxa bilər.
Hələ ki, yarasalardan başqa yalnız bir canlının – norkaların (dələlər fəsiləsindən yırtıcı məməli heyvan cinsi) insanı koronavirusa yoluxdurduğu elmə məlumdur. Yeri gəlmişkən, həmin norkalar koronavirusa insanlardan yoluxubmuşlar. Digər canlıların, ev heyvanlarının, o cümlədən insanların COVİD-ə yoluxdurduğu heyvanların infeksiyanı başqa adamlara ötürməsi hadisəsi hələ qeydə alınmayıb.
Mənbə: Reuters.com