İqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı əhaliyə satılan təbii qazın qiymətində artıma etiraz bəyanatı yayıb.
Dövlətin tənzimlədiyi qiymətlərə məsul olan Tarif Şurasının 28 noyabr 2016-cı il qərarı ilə əhalinin ildə 1500 kubmetrədək təbii qaz işlədən hissəsi üçün kubmetrə 10 qəpik ödəniş müəyyən olunmuş, həmin qiymət 2016-cı il dekabrın 1-də qüvvəyə minmişdi.
2016-cı il dekabrın 22-də kubmetrə 10 qəpik ödənişi ildə 1700 kubmetrədək təbii qaz işlədən hissəyə aid edilmiş, yenilik dekabrın 1-dən tətbiq olunmuşdu.
30 aprel 2019-cu ildə Tarif Şurası 2200 kubmetrədək təbii qaz işlədən hissə üçün kubmetrə 10 qəpik ödənişinə keçmiş, qərar mayın 1-də rəsmiləşmişdi.
2021-ci il iyunun 30-da verilən, iyulun 1-də qüvvəyə minən yeni qərara əsasən, əhalinin ildə 1200 kubmetrədək təbii qaz işlədən bölümü kubmetrə 10 qəpik ödəyəcək.
İldə 2500 kubmetrədək təbii qaz işlədən kubmetrə 20 qəpik, 2500 kubmetr həddini keçən kubmetrə 25 qəpik ödəməlidir.
Novator.az-ın məlumatına görə, Tarif Şurasının qərarına etiraz edən ADR Hərəkatının bəyanatında qeyd olunur ki, 1 may 2019-cü ildən ən aşağı qiymət – kubmetrə 10 qəpik – üçün limit 1700 kubmetrdən 2200 kubmetrə qalxmışdı: “Son 15 ayda əhalinin gəlirlərində hansı artım qeydə alınıb ki, 1 iyul 2021-ci ildən həmin limit 1200 kubmetrə endirilir? Dövlət Statistika Komitəsinin hesabatına əsasən, əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2021-ci ilin yanvar-may aylarında 2020-ci ilin eyni dövrünə nisbətən 1,3 faiz azalıb. Belə şəraitdə onsuz da yüksək olan qaz tariflərində yüksəliş əhalinin böyük əksəriyyətinin xərclərinin kəskin artımına gətirib çıxaracaq, xüsusilə pensiyaçılar, aztəminatlı təbəqələr, işsizlər, aşağı əməkhaqqı ilə işləyənlər xərcin ödənməsi zamanı çətinliklərlə üzləşəcəklər, bu isə sosial gərginliyi daha da çoxaldacaq və hakimiyyətdən narazıların sayını artıracaq”.
Hakimiyyətin su, qaz tariflərində artımı həmin sektorların zərərlə işləməsi ilə izah etməsinə toxunulan bəyanatda vurğulanır ki, zərər kommunal sektorlarda təsərrüfatsızlığın, korrupsiyanın, pis idarəçiliyin mövcudluğu, göstərilən xidmətin maya dəyərinin şişirdilməsi ilə əlaqədardır: “Həmin sektorların islahatını illərlə ləngidən hökumətin kommunal tarifləri əhalinin alıcılıq qabiliyyətini əsas götürmədən, gəlirlərin azaldığı dövrdə artırması həm də istehlakçı cəmiyyətinin formalaşmaması, sosial hüquqların nəzərə alınmaması ilə izah oluna bilər.
Xüsusilə də pandemiya dövründə iş yerlərinin kütləvi ixtisarı, işləyənlərin əmək haqlarının əvvəlki dövrlə müqayisədə azalması, ərzaq məhsullarının və dərman preparatlarının kəskin bahalaşması əhalinin ödəmə qabiliyyətinin aşağı düşməsini şərtləndirib. Belə həssas durumda onsuz da pisləşən sosial vəziyyəti nəzərə almadan verilən qərarlar hakimiyyətə etimadsızlığı gücləndirəcək, hökumətlə xalq arasında uçurumu dərinləşdirəcək və yaşayış şərtlərini xeyli pisləşdirəcək.
ADR Hərəkatı hakimiyyətdən soyğunçuluq və möhtəkirlik siyasətinə son qoymağı, əhali qrupu üçün qaz tariflərinə yenidən baxmağı tələb edir”.
Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsi kollegial icra hakimiyyəti orqanı olan Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Şuraya iqtisadiyyat naziri sədrlik edir (Qiymətlərin şurası).
Tarif Şurasının 31 yanvar 2021-ci il iclasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb, bir kubmetr su təchizatının tarifi əlavə dəyər vergisi daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiqlənib.
Qərar fevralın 1-dən qüvvəyə minib.
2016-cı il mayın 16-dan bir kubmetr su təchizatının tarifi əlavə dəyər vergisi daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 15 qəpik olub.