“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova müraciət edib.
Novator.az bildirir ki, Medianın İnkişafı Agentliyi 2021-ci il yanvarın 12-də, 2009-cu ildən fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında publik hüquqi şəxs kimi yaradılıb. Prezident İlham Əliyevin həmin gün imzaladığı fərmanda həmçinin “Media haqqında” qanun layihəsi hazırlamaq tapşırığı yer alıb.
Layihə hələ üzə çıxmayıb.
Mehman Əliyev Əhməd İsmayılova 2 iyul 2021-ci il müraciətində yazır ki, “Media haqqında” qanun layihəsi ilə bağlı qapalı müzakirələr aparılır: “Halbuki qanun layihəsi təkcə jurnalistlərin yox, həm də dövlətin, cəmiyyətin və kütləvi kommunikasiya vasitələrinin maraq dairəsini əhatə edir. Kütləvi kommunikasiya vasitələri kütləvi informasiya vasitələrindən daha geniş anlam kəsb edir, təkcə peşəkar informasiya fəaliyyətini həyata keçirən şəxsləri yox, bütün cəmiyyəti, hər şəxsiyyəti əhatə edir, çünki biz internetin inkişafı şəraitində informasiya cəmiyyəti mərhələsinə qədəm qoymuşuq”.
Mehman Əliyevin fikrincə, yeni qanun üzərində gizli iş ancaq ondan xəbər verə bilər ki, hakimiyyət cəmiyyətin yaradıcı tələbatını dəstəkləmək niyyətində deyil, onu ənənəvi olaraq məhdudlaşdırmaq niyyətindədir: “İnformasiya cəmiyyətinin bütün üzvlərinin münasibətlərini tənzimləyəcək, Azərbaycan dövlətinin “informasiya buludu”nu formalaşdıracaq, onun dünya informasiya sistemi ilə qarşılıqlı əlaqəsini və inteqrasiyasını təmin edəcək qanunun ictimai müzakirəsindən imtina etmək qeyri-uzaqgörən, üstəlik, cinayətkar siyasətdir, çünki məhdud müzakirələrin nəticəsi məhdud cəmiyyət və dövlət olacaq.
Sizi “Media haqqında” qanun layihəsini dərc etməyə və Azərbaycanın informasiya cəmiyyətinin inkişafı naminə geniş ictimai müzakirələr təşkil etməyə çağırıram. Söz və ifadə azadlığı Medianın İnkişafı Agentliyinin eksklüziv sahəsi deyil”.
1957-ci il oktyabrın 26-da doğulan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.