Eldar Həsənov Hərbi Hospitala köçürüldü
- 02 İyul 2021
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
İyulun 2-də hüquqşünas, dövlət xadimi, diplomat, alim Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb. Xəbəri vəkil Cavad Cavadov yayıb.
Novator.az-ın məlumatına görə, vəkil bildirib ki, Eldar Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından hospitalına köçürülməsində məqsəd onun stasionar qaydada müayinə, müalicə olunması və cərrahiyyə əməliyyatları aparılmasıdır.
Eldar Həsənov bir çox xəstəlikdən əziyyət çəkir. Həbsdə onun səhhəti ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.
Mayın 7-də vəkillərinin müraciəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə qərar çıxarıb. Ancaq qərar icra edilməyib.
Eldar Həsənovun hüquqlarını Cavad Cavadov və daha bir neçə vəkil müdafiə edir.
Cavad Cavadovun bildirdiyinə görə, 7 may qərarı yerinə yetirilmədiyi üçün onlar yenidən Avropa Məhkəməsinə üz tutublar: “İyunun 23-də Avropa Məhkəməsi əvvəlki qərarını daha da sərt formada təkrarladı və təcili olaraq Eldar Həsənovun stasionara yerləşdirilməsini tələb etdi. Lakin qərarın icrasına məsul şəxslər Eldar müəllimin təcili olaraq stasionar qaydada xəstəxanaya yerləşdirilməsini və zəruri müalicə, cərrahiyyə əməliyyatlarının aparılmasını nəzərdə tutan 23 iyun qərarının da icrasını ləngitdilər. Ona görə Eldar müəllim yalnız bu gün – iyulun 2-də xəstəxanaya köçürüldü”.
Vəkilin sözlərinə görə, bu müddətdə Eldar Həsənovun səhhəti daha da ağırlaşıb: “Ola bilsin, yaxın vaxtlarda onu bir yox, bir neçə ağır əməliyyat gözləyir”.
Cavad Cavadov açıqlamasında bunları da qeyd edib: “Eldar Həsənov bildirir ki, Avropa Məhkəməsinin qərarının icrasının ləngidilməsi, icra edilməməsi və yekunda onun səhhətinin ağırlaşmasına şərait yaradılması buna məsul olan cavabdeh şəxsin ona qarşı illərdir davam edən düşmənçiliyinin, qisasçılığın nəticəsidir.
Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasının personalına, o cümlədən tibb heyətinə onun həyatda qalması üçün atdıqları bütün addımlara görə təşəkkürünü çatdırmağımızı xahiş etdi.
Müdafiə tərəfi ümid edir ki, onun səhhətinin ağır formada olması nəzərə alınaraq yaxın vaxtlarda həbs qətimkan tədbiri dəyişdiriləcək”.
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalı Bakının Səbail rayonunda yerləşir.
1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.
İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.
Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)