İyulun 1-də prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməl mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, zonanın ümumi sahəsi 850 hektar olacaq, 60 hektarda layihələndirilmə başa çatıb və inşaat işləri başlayıb, infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.
Ələtdə Azərbaycan Televiziyasına müsahibə verən prezident deyib: “Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan verib. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidir. Bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək. Eyni zamanda burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabət qabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək.
Ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. İslahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Bu ideya çoxdan müzakirə olunurdu. Ancaq layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik.
İlk növbədə təşkilati işləri görməli və elə bir şərait yaratmalı idik ki, investorları cəlb edə bilək. Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik. İlk növbədə qanunvericilik sahəsində işlər görülməli idi. 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq sərəncam imzaladım, 2018-ci ildə qanun qəbul edildi. Bu həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. 2018-ci ildə praktiki işlərə başlanıb. 850 hektarlıq ərazi ayrılıb, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilib, işçi qrup yaradılıb və artıq işlər praktik müstəviyə keçib.
Təbii ki, pandemiya işimizə müdaxilə etdi və bizim planlarımızı bir qədər təxirə saldı. Ancaq indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkədə səngiyir. Bu gün təməl mərasiminin keçirilməsi onu göstərir ki, biz buna tam hazırıq. Bundan sonra isə artıq praktiki işlərin başlanmasına start verilir və əminəm ki, bu işlər də vaxtında başa çatacaq”.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinə Valeh Ələsgərov sədrlik edir. 1946-cı il təvəllüdlü Valeh Ələsgərov mühəndisdir. “Permneft”, “Azneft” istehsalat birliklərində, “Azərneft” Dövlət Konsernində, Dövlət Neft Şirkətində çalışıb, Milli Məclis sədrinin müavini olub.