İyunun 30-da Tarif (qiymət) Şurasının iclası keçirilib, əhaliyə satılan təbii qazın qiymətlərində dəyişiklik edilib. Dəyişiklik iyulun 1-dən qüvvəyə minir.
Novator.az saytı bildirir ki, indiyədək əhalinin bir ildə 2200 kubmetrədək təbii qaz işlədən hissəsi hər kubmetrə görə 10 qəpik, ildə 2200 kubmetrdən çox təbii qaz işlədən hissəsi isə hər kubmetrə görə 20 qəpik ödəyirdi.
İyulun 1-dən əhalinin il ərzində yalnız 1200 kubmetrədək (1200 kubmetr daxil) təbii qaz işlədən hissəsi hər kubmetrə görə 10 qəpik ödəyə biləcək.
Əhalinin ildə 1200-2500 kubmetr (2500 kubmetr daxil) təbii qaz işlədən hissəsi hər kubmetrə görə 20 qəpik ödəməli olacaq.
Əhalinin ildə 2500 kubmetrdən çox təbii qaz işlədən hissəsi isə hər kubmetrə görə 25 qəpik ödəyəcək.
30 iyun qərarına əsasən, elektrik stansiyalarına verilən təbii qazın hər kubmetrinin qiyməti 12 qəpikdən 13 qəpiyə qaldırılıb.
“Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qazın hər kubmetrinin qiyməti 20 qəpikdən 13 qəpiyə endirilib.
Sıxılmış təbii qazdan istifadə edən ictimai nəqliyyat vasitələri üçün qaz satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın hər kubmetrinin qiyməti 20 qəpikdən 13 qəpiyə düşüb.
Digər sahələrdə (ticarət, xidmət və s.) isə təbii qazın hər kubmetrinin qiyməti 20 qəpikdən 25 qəpiyə qaldırılıb.
Tarif Şurası enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün elektrik enerjisinin qiymətlərini də artırıb.
İndiyədək həmin məlumat mərkəzləri üçün hər kilovat-saat elektrik enerjisinə görə tariflər belə idi: gündüz vaxtı (saat 08:00-dan 22:00-a qədər) 5,8 qəpik, gecə vaxtı (saat 22:00-dan 08:00-a qədər) 2,8 qəpik.
İylun 1-dən bu qiymətlər belə olacaq: gündüz vaxtı 7,3 qəpik, gecə vaxtı 3,5 qəpik.
Tarif Şurasının 30 iyun iclasında yeni dövlət qeydiyyatına alınan 247 dərman vasitəsinin qiymətləri də təsdiqlənib.
Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsi kollegial icra hakimiyyəti orqanı olan Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Şuraya iqtisadiyyat naziri sədrlik edir.
Təbii qazın bahalaşması qərarı Dövlət Neft Şirkətinin müraciəti əsasında verilib. Şirkət Tarif Şurasına müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artmasını, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsini və abonentlərin 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsini göstərib: “Əhali üzrə tarifin aşağı olması və 2017-ci illə müqayisədə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcminin 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənməsi üçün tariflərin artırılmasına zərurət yaranıb”.
Rəsmi izahata görə, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək hissəsi üçün tarif 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanıb.
Qeyd olunur ki, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi 20 qəpik səviyyəsində qalıb, təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb.
Tarif Şurası bildirir ki, 2020-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik olub, hazırda Ankarada 32-40 qəpik, Kiyevdə 54 qəpikdir. 1 kubmetr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir: “Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosial yönümlü tədbirlərə yönəldiləcək”.