Novator.az UEFA-nın klub reytinqindəki yeniliklərə nəzər salıb.
Reytinq yenə də Avropanın klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanacaq. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində, 1/8 final, 1/4 final, yarımfinal və finalda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.
Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.
Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünəcək və mində bir dəqiqliklə əmsal çıxarılacaq.
2021-2022-ci illər mövsümündə Avropanın klub turnirlərinə 55 UEFA üzvünün 237 komandası buraxılıb.
Çempionlar Liqasının ilkin və birinci mərhələlərində ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən və qrup mərhələsində üçüncü yeri tutan komandalar Avropa Liqasına keçəcək.
Avropa Liqasının iki təsnifat raundunda ələnən və qrup mərhələsində üçüncü yeri tutan komandalar Konfrans Liqasına transfer olunacaq.