İyunun 30-u ABŞ-ın “Vaşinqton Post” qəzetində “Delta variantı keçmişin qara buludlarını geri qaytarır” başlıqlı redaksiya məqaləsi dərc olunub.
Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, hamımızın peyvəndlərə arxalanıb koronavirus üzərində qələbəni, normal həyata qayıdışı qeyd etmək istədiyimiz bir dövrdə virusun dünyada, o cümlədən əhalisi daha çox peyvəndlənmiş ölkələrdə sürətlə yayılmaqa olan ştammı – delta variantı keçmişin qara buludlarını geri qaytarır, aydınlığa çıxdığımızı düşündüyümüz bir vaxtda başımıza yenidən yağış döyür, bayram ovqatı burnumuzdan gəlir.
Məqalədə delta variantına görə ABŞ-da və başqa ölkələrdə maska taxmaq, sosial məsafə gözləmək kimi tövsiyələrin yenə aktuallaşdığı, sərhədlərini açmış dövlətlərin yenidən qapanmalar üzərində düşünməyə məcbur olduğu vurğulanır.
Qeyd edilir ki, delta variantı peyvəndlənməmiş adamlar üçün daha böyük təhlükə doğurur, amma peyvəndlənmiş adamlar da təhlükə altındadır. Bütün bunlar isə göstərir ki, COVİD-19-la mübarizə hələ uzun sürəcək, ola bilsin, daha bir il davam edəcək.
Vəziyyəti nəzərə alaraq hökumətləri və vətəndaşları koronavirusla mübarizənin bütün vasitələrindən yararlanmağa çağıran “Vaşinqton Post”un redaksiya heyəti bildirir ki, peyvəndlənmiş adamların da bəzən virusa, həmçinin delta variantına yoluxması hallarına baxmayaraq, tədqiqatlar COVİD-19-a qarşı ən effektiv vasitənin peyvəndləmə olduğunu təsdiqləyir, ona görə peyvənd olunmaqdan savayı çarə yoxdur, vaksinasiya prosesi sürətləndirilməlidir.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası 209 ölkə, ərazi və məkanda 3 milyon 955 mindən çox adamın ölümünə səbəb olub.
Dünya Səhiyyə Təşkilatı 2021-ci ilin yazında koronavirusun ortaya çıxan yeni variantlarına adlar verib. İlk dəfə Böyük Britaniyada aşkarlanan variant “alfa”, ilk dəfə Hindistanda peyda olan variant isə “delta” adlandırılıb.
Hazırda delta ştammı onlarla ölkəyə yayılıb. Delta – virusun ilkin versiyasından daha təhlükəli olan alfa ştammından da yoluxucudur və onun peyvəndlərə daha böyük müqavimət göstərdiyi sarıdan narahatlıqlar var. Peyvəndlərin birinci dozası deltanın öhdəsindən gəlməkdə daha acizdir. İkinci doza isə xeyli effektlidir.
Delta ştammının yayıldığı ölkələrdə koronavirus diaqnozu ilə xəstəxanalarda yerləşdirilənlərin sayı artıb.
Mənbə: Washingtonpost.com