İyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Prezident, ali baş komandan İlham Əliyev bu münasibətlə Bakının “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb, nitq söyləyib.
2020-ci ilin payızındakı İkinci Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə nəticələndiyini vurğulayan prezident deyib ki, Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməkdir: “Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik.
Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi – öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev həmin gün Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.
Novator.az bildirir ki, Azərbaycan Konstitusiyasına görə, Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Ordusuna müdafiə naziri komandanlıq edir.
1991-ci il avqustun 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edib.
Sentyabrın 5-də prezident Ayaz Mütəllibov Müdafiə Nazirliyinin yaradılması haqqında fərman imzalayıb, Valeh Bərşadlı nazir təyin olunub.
Oktyabrın 9-da “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qüvvəyə minib.
Oktyabrın 18-də parlament dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, Azərbaycan Respublikası 1918-ci il mayın 28-də qurulan, 1920-ci il aprelin 28-də süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.
Dekabrın 11-də Valeh Bərşadlı müdafiə naziri vəzifəsindən azad edilib, bu posta Tacəddin Mehdiyev gətirilib.
Dekabrın 29-da dövlət müstəqilliyi haqda konstitusiya aktı referendumla təsdiqlənib.
1992-ci il fevralın 17-də Tacəddin Mehdiyev müdafiə naziri vəzifəsindən götürülüb, nazir vəzifəsinin icrası müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi Şahin Musayevə həvalə edilib.
Fevralın 24-də Tahir Əliyev müdafiə naziri təyin olunub.
Martın 6-da prezident Ayaz Mütəllibov istefa verib, dövlət başçısı səlahiyyətləri parlament sədri Yaqub Məmmədova keçib.
Martın 17-də Tahir Əliyev müdafiə naziri postundan çıxarılıb, bu vəzifəyə Rəhim Qazıyev təyinat alıb.
Mayın 18-də Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlib, İsa Qəmbər parlament sədri seçilərək prezident səlahiyyətlərini icra edib, həmin gün müdafiə naziri Rəhim Qazıyev eyni zamanda baş nazirin birinci müavini təyin olunub.
İyunun 7-də Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy prezident seçilib, iyunun 17-də səlahiyyətlərinin icrasına başlayıb.
Sentyabrın 18-də prezident Əbülfəz Elçibəy fərman imzalayaraq 9 oktyabrı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edib.
1993-cü il fevralın 20-də Rəhim Qazıyev baş nazirin birinci müavini-müdafiə naziri vəzifəsindən çıxarılıb.
Fevralın 21-də Dadaş Rzayev müdafiə naziri təyin edilib.
1993-cü ilin iyun ayında hərbi-siyasi qiyam hakimiyyətin dəyişməsi ilə nəticələnib. İyunun 15-də Heydər Əliyev parlament sədri seçilib.
İyunun 17-də Dadaş Rzayev müdafiə naziri vəzifəsindən götürülüb, nazir vəzifəsinin icrası müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi Səfər Əbiyevə həvalə edilib.
İyunun 24-də Milli Məclis Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərar çıxarıb, prezident səlahiyyətləri Heydər Əliyevə keçib.
Avqustun 29-da keçirilən referendumda Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi rəsmiləşib.
Sentyabrın 2-də Məmmədrəfi Məmmədov müdafiə naziri təyin olunub.
Oktyabrın 3-də Heydər Əliyev prezident seçilib.
1995-ci il fevralın 6-da Məmmədrəfi Məmmədov müdafiə naziri vəzifəsindən azad edilib. Həmin gün Səfər Əbiyev nazir postuna gətirilib.
1998-ci il mayın 22-də prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci ildə ilk ordu hissəsi – əlahiddə Azərbaycan korpusu yaratdığı əsas götürülərək iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.
Səfər Əbiyev 1995-ci ildəki ilk təyinatdan sonra 1998-ci (prezident Heydər Əliyevin sərəncamı ilə), 2003-cü, 2008-ci illərdə (prezident İlham Əliyevin sərəncamları ilə) nazir postunu qoruyub.
22 oktyabr 2013-cü ildən müdafiə naziri postunu Zakir Həsənov tutur. Onu prezident İlham Əliyev nazir təyin edib və 2018-ci il aprelin 21-də postda saxlayıb.