Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin mandatı əsasında Azərbaycana səfər edən Rumıniya, Avstriya, Litvanın xarici işlər nazirləri və Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı çox uğurludur: “Azərbaycan 9 üzv ölkə ilə strateji tərəfdaşlığa dair sənəd və sazişlər imzalayıb və qəbul edib. Biz üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədi parafladıq. Bu, yeni hərtərəfli sazişin razılaşdırılması istiqamətində çox mühüm addım oldu.
Sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış vəziyyətə həsr olunub. Azərbaycanın mövqeyi çox açıq və aydındır. Biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. İndi Ermənistanda seçki başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki Ermənistanla sülh sazişimiz olmasa, bu o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil.
Bizə əvvəl də müharibə lazım deyildi. Azərbaycan hər zaman Ermənistanla münaqişənin sülh yolu ilə həllinə sadiq olub və bizim 28 il ərzində Minsk qrupu yaradılandan etibarən danışıqlar prosesində olmağımız faktının özü bunun aşkar göstəricisidir. Biz məsələni sülh yolu həll etmək istəyirdik və danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlərimiz var idi. Mən 2003-cü ildən danışıqlar prosesində iştirak etmişəm. Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam və sizə deyə bilərəm ki, bu, dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə idi. Uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər. Bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi”.
Dövlət başçısı İkinci Qarabağ müharibəsinin qaçılmaz olduğunu vurğulayaraq deyib: “Hazırda biz münaqişədən sonrakı inkişaf vəziyyətindəyik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bununla bağlı danışıqlar aparası heç nə yoxdur. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat təkcə atəşkəs razılaşması deyil. Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik. Biz səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırıq”.
Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirir. Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2009-cu ildə elan olunmuş proqram Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanı da əhatə edir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini (Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları) ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda ərazilərin böyük hissəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Dekabrın 1-dək ərazilərin daha bir hissəsi Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 11-də İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin Moskvada imzaladıqları birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.
10 noyabr 2020-ci il bəyanatına görə, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.
1992-ci ildə ATƏT Xarici İşlər Nazirləri Şurası Minskdə Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edilib. Konfransın reallaşması üçün Minsk qrupu yaradılıb. Hazırda 11 üzvdən ibarət (Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan) Minsk qrupuna ABŞ-dan Endrü Skofer, Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov həmsədrlik edirlər.