Novator.az məhkumluq çəkən AXCP üzvlərinin siyahısına nəzər salıb.
Aqil Məhərrəmov 2018-ci il mayın 25-də tutulub. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinən cəbhəçi 4 il həbs cəzası alıb.
İttihama görə, 1992-1993-cü illərdə – Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, Aqil Məhərrəmov və digər şəxslər bu işdə ona yardımçı olublar.
2018-ci ilin mayın 8-də tutulan Saleh Rüstəmov 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
2020-ci il aprelin 13-də jurnalist Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib. Cəbhəçi 2020-ci il fevralın 26-sı Bakıda hakimiyyət tərəfdarı olan fəal Ata Abdullayevə xəsarət yetirməkdə təqsirli bilinib. Təzəxan Mirələmlinin cəzası 2021-ci il yanvarın 7-dən hesablanır.
2021-ci il aprelin 28-də Səid Məmmədzadə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. O, 2020-ci il mayın 16-sı Bakıda tutulub, iyulun 20-də ev dustaqlığına buraxılıb, hökmdən sonra yenə həbs edilib. Silahdan istifadə etməklə xuliqanlıqda, bıçaqla xəsarət yetirməkdə təqsirli bilinən Səid Məmmədzadənin 3 il 6 aylıq cəzası 2021-ci il iyunun 22-də şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.
17 cəbhəçi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınaraq məhkum edilib.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
15 cəbhəçi bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da 12 nəfər, dekabrın 7-də 3 nəfər ev dustaqlığına buraxılıb.
2 cəbhəçi polis nəzarətində olub.
2021-ci il iyunun 14-də Fuad Qəhrəmanlıya və Məmməd İbrahimə 4 il 1 ay, Bəxtiyar İmanov və Ayaz Məhərrəmova 3 il 7 ay azadlıqdan şərti məhrumetmə cəzaları kəsilib.
İyunun 17-də Ruslan Əmirov 4 il müddətinə azadlıqdan şərti məhrum edilib.
İyunun 21-də Asif Yusifli 3 il 6 ay, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədov 3 il, Seymur Əhmədov 2 il 6 ay şərti iş alıb.
İyunun 22-də Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev 2 il 9 ay müddətinə azadlıqdan şərti məhrum ediliblər.
Üstündə cinayət işi olan AXCP üzvü Niyaməddin Əhmədov həbsdədir. O, 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur.
Azərbaycan Xalq Cəbhəsi (AXC) 1989-cu il iyulun 16-da yaradılıb. Təşkilat 1992-1993-cü illərdə hakimiyyətdə olub.
1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli rəhbərlik edir.