Filippinin prezidenti Rodriqo Duterte koronavirus əleyhinə peyvənddən imtina edənləri həbslə hədələyib.
Novator.az saytı “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, prezident iyunun 21-i axşam televiziya ilə çıxışında iki seçim təklif edib: “Ya peyvənd olunacaqsınız, ya da mən sizi həbsə göndərəcəm”.
“Vaksindən imtina edən sarsaqların” onu bərk əsəbiləşdirdiyini vurğulayan dövlət başçısı qeyd edib ki, belələrini donuz iynəsi ilə peyvəndləmək lazımdır.
Rodriqo Duterte bir müddət əvvəl pandemiyaya görə tətbiq olunan hərəkət məhdudiyyətini pozanları güllələməklə hədələmişdi. Bundan az sonra polis həmin məhdudiyyətləri pozmaqda şübhəli bilinən bir neçə nəfəri, o cümlədən bir yaşlı kişini və posttravmatik stress pozuntusundan əziyyət çəkən bir keçmiş əsgəri odlu silahla öldürmüşdü.
Filippinin 110 milyon əhalisi var.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Filippində indəyədək 1 milyon 364 min nəfərdən çox adam yoluxub, onların 24 min nəfərə yaxını vəfat edib.
Son vaxtlar Filippində koronavirusun delta variantına yoluxmalar qeydə alınır. Virusun bu növünün yoluxuculuq qabiliyyəti daha güclüdür. Delta variantı ilk dəfə Hindistanda qeydə alınıb, ona görə bu varianta Hindistan variantı da deyilir.
Filippində COVİD-19-a qarşı vaksinasiya mart ayından başlanıb. Proses ləng gedir. Hökumət bunu əhalinin vaksinasiyaya meyil göstərməməsi ilə əlaqələndirir. Martdan bəri filippinlilərin yalnız 2 faizi peyvəndin hər iki dozasını qəbul edib.
Ölkənin səhiyyə qurumları vaksinasiya prosesini sürətləndirmək, peyvəndləri əhali üçün daha əlçatan etmək, həmçinin adamları peyvənd olunmağa meyilləndirmək üçün ən müxtəlif yerlərdə – kilsələrdə, ticarət mərkəzlərində, kinoteatrlarda vaksin məntəqələri açıb.
Hökumət peyvənd olunanların sayını artırmaq üçün pul, mal mükafatlarının verilməsi kimi tədbirlərə də əl atıb.
Filippinin bəzi həkimləri prezidentin peyvənddən imtina edənləri həbslə hədələməsini etirazla qarşılayıb. Onlar bunu pasiyent hüquqlarına qanunsuz müdaxilə kimi qiymətləndiriblər və xatırladıblar ki, Dünya Səhiyyə Təşkilatı vaksinasiyanı gücləndirmək üçün stimullaşdırıcı tədbirləri dəstəkləyir, amma məcburiyyəti yolverilməz sayır.
Prezident Rodriqo Duterte çıxışında onu da deyib ki, peyvənd olunmaq istəməyənlər rədd olub ya Hindistana, ya da ABŞ-a gedə bilər.
Həm qəribə, həm də qəddar davranışı ilə ad çıxaran 76 yaşlı Rodriqo Duterte 2016-cı ildən Filippinin prezidentidir. Beynəlxalq hüquq müdafiə təşkilatları Dava şəhərinin meri olduğu vaxtlarda onu məhkəməsiz edamlar həyata keçirməkdə təqsirkar bilib.
Mənbə: Aljazeera.com