Ermənistanda iyunun 20-də keçirilmiş parlament seçkisi hökumət başçısı Nikol Paşinyanın qələbəsi ilə başa çatıb. Vətəndaş Sazişi Partiyasının lideri olan Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-i inqilab dalğasında oturub. Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi blok qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub.
20 iyun seçkisinin ilkin nəticələrinə əsasən, Vətəndaş Sazişi Partiyası 105 yerlik yeni parlamentə 72 mandatla düşür, ikinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəm olduğu Ermənistan bloku 27 mandat, üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” bloku 6 mandat götürür. Bu nəticələr Nikol Paşinyana yeni hökumət qurmaq imkanı verir.
Novator.az-ın məlumatına görə, politoloq Azər Qasımlı yazır ki, Ermənistan rəhbərliyi Qarabağ məsələsində Azərbaycanla rəqabəti davam etdirəcək: “Nikol Paşinyan ölkəsini Rusiyanın nəzarətindən çıxarıb Qərbə inteqrasiya etdirmək, neçə illərdir yükə çevrilmiş Qarabağı isə müvəqqəti olaraq Rusiyanın belinə yükləmək istəyir. Bilir ki, Rusiya bu bölgədən, həm Ermənistandan, həm Azərbaycandan belə asanlıqla əl çəkən deyil.
Biz xalq olaraq taktiki, yalnız situasiyaya uyğun deyil, strateji düşünməli və qərarlarımızı da ona görə verməliyik. Həm hərb meydanında, həm diplomatiyada, həm iqtisadiyyatda, həm demokratik dünyaya inteqrasiyada, ümumiyyətlə bütün sahələrdə daha üstün olmalıyıq. Bunun üçün də ilk növbədə müttəfiqlərimizi mütərəqqi ölkələr və sabah Qarabağ məsələsində söz sahibi olacaq dövlətlər arasında axtarmalıyıq. Yüksək həyat səviyyəsi, ədalət və insana dəyər verən iqtisadi-siyasi sistemin bərqərar olması ilk növbədə özümüz və övladlarımızın xoş gələcəyi üçün lazımdır. Müstəqilliyimiz, ərazi bütövlüyümüz, Qarabağ torpağı saxta seçkilər, korrupsiya, qeyri-insani idarəetmə üçün deyil, ləyaqətli yaşamaq üçün lazımdır. Özümüzü üstün hesab ediriksə, hər işdə üstün olaq!”
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd edir ki, Ermənistandakı son parlament seçkisi seçki institutunun nə qədər önəmli məsələ olduğunu göstərdi: “Bizim üçün ən önəmli hədəf məhz seçki institutuna xalqın inamını bərpa etmək, insanları seçkilərə səfərbər etməkdir. Ermənistan sülhü, inkişafı, ölkədə hakimiyyətin legitim və praqmatik institutlaşmasını seçdi, növbə bizimdir – müharibədə qalib gəlmiş xalqa xas olan böyüklük və ağılla sülh quruculuğunu dəstəkləməli, məmləkətdə legitim institutların formalaşmasını tezləşdirməli, Qafqazı sülh, əməkdaşlıq, iqtisadi rifah bölgəsinə çevirməliyik!
Yaxın 20 ildə Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycan iqtisadiyyatının payına düşəcək, bölgədə əhalinin 60 faizə yaxını azərbaycanlılar olacaq. Bu liderlik yükünü dartmaq üçün bizə işlək, legitim, hesabatlı, seçkili institutlar lazımdır!”
Ermənistan seçkisinin ilkin nəticələri
Ermənistan: mandatlar necə bölünür?
Ermənistan yeni hökumət ərəfəsində
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.
10 noyabr 2020-ci il bəyanatına görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.