Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələrini yeniləyib. Novator.az-ın məlumatına görə, hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 53,9 faiz səslə öndə göstərilir.
İkinci prezident Robert Köçəryan, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəm olduğu Ermənistan bloku 21 faizdən bir qədər çox, üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası ilə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyasını bir araya gətirən “Qürurluyam” bloku 5,2 faiz səs alır.
Seçki yarışına 21 partiya, 4 blok qoşulub.
Proporsional sistemlə keçirilən seçkidə parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
Minimum 101 nəfərdən ibarət olan Ermənistan parlamentinin səlahiyyət müddəti 5 ildir. Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Bunun üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir. Parlamentdə minimum üç siyasi qüvvə təmsil olunmalı, mandatların azı üçdə biri azlıqdakı qüvvələrə düşməlidir.
Ermənistan parlament idarə üsuluna 2018-ci il aprelin 9-da keçib: icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərlik baş nazirdədir.
2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi “Mənim addımım” bloku qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürüb. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1995-ci ildə siyasi mülahizələrlə universitetdən qovulduğu üçün onun ali təhsil diplomu yoxdur.
Gənclik illərində Nikol Paşinyan “Dprutyun” və “Lraqir” qəzetlərində müxbir, “Molorak” qəzetində redaktor, “Oraqir” və “Aykakan jamanak” qəzetlərində baş redaktor vəzifələrini tutub.
2009-2011-ci illərdə həbsdə yatıb.
2012 və 2017-ci illərdə parlamentin üzvü seçilib.
Onun liderlik etdiyi Vətəndaş Sazişi Partiyası 2013-cü ildə yaradılıb.