Ermənistan: mandatlar necə bölünür?
- 21 İyun 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiXəbər
Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisinə 21 siyasi partiya, 4 blok qatılmışdı. Proporsional sistemin tətbiq edildiyi seçkidə parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalı idi.
İlkin nəticələrə görə, hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası parlamentə 53,52 faiz səslə, ikinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəm olduğu Ermənistan bloku 21,04 faiz səslə düşür.
Novator.az bildirir ki, Ermənistan parlamenti minimum 101 nəfərdən ibarət olmalı, qanunverici orqanda minimum üç siyasi qüvvə təmsil edilməli, mandatların azı üçdə biri azlıqdakı qüvvələrə düşməlidir. Buna görə 7 faizdən az səs yığmış “Qürurluyam” bloku da parlamentə keçmiş sayılır. Üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” bloku 20 iyun seçkisində 5,23 faiz səs alıb.
İlkin hesablamalara əsasən, 105 nəfərlik yeni parlamentdə Vətəndaş Sazişi Partiyasının 72, Ermənistan blokunun 27, “Qürurluyam” blokunun 6 mandatı olacaq.
Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Bunun üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir. İndiki nəticələrə görə, mandatların 68 faizindən çoxunu qazanan Vətəndaş Sazişi Partiyası təkbaşına hökumət qura bilir.
Ermənistan parlament idarə üsuluna 2018-ci il aprelin 9-da keçib: icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərlik baş nazirdədir.
2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi “Mənim addımım” bloku qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin olunub.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1995-ci ildə siyasi mülahizələrlə universitetdən qovulduğu üçün onun ali təhsil diplomu yoxdur.
Gənclik illərində Nikol Paşinyan “Dprutyun” və “Lraqir” qəzetlərində müxbir, “Molorak” qəzetində redaktor, “Oraqir” və “Aykakan jamanak” qəzetlərində baş redaktor vəzifələrini tutub.
2009-2011-ci illərdə həbsdə yatıb.
2012 və 2017-ci illərdə parlamentin üzvü seçilib.
Onun liderlik etdiyi Vətəndaş Sazişi Partiyası 2013-cü ildə yaradılıb.
Yeni parlamentdə ana müxalifətin lideri statusu alan 1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.
Robert Köçəryanın üstündə cinayət işi var. Onun dövlət başçısı olduğu vaxt, 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilib.
O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.
2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-də Robert Köçəryan yenidən həbs edilib, sentyabrın 12-də Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi başlayıb. Sabiq prezidentlə birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan da mühakimə olunub.
Ermənistanın Apellyasiya Məhkəməsi 2020-ci il iyunun 18-də Robert Köçəryanın pul girovu müqabilində azadlığa buraxılması barədə qərar verib. İyunun 19-da sabiq prezident azadlığa buraxılıb.
Şenqavit rayonundakı ümumi məhkəmə bu il aprelin 6-da konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı ilə cinayət təqibini dayandırıb. Qərar Konstitusiya Məhkəməsinin 26 mart 2021-ci il qərarına əsaslanıb. Həmin qərarla Ermənistan Cinayət Məcəlləsinin dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə görə məsuliyyət müəyyən edən 300.1-ci maddəsi ölkə konstitusiyasına zidd sayılıb.
“Qürurluyam” blokuna liderlik edən Vətən Partiyasının sədri Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək tutub. Ermənistan Respublikaçılar Partiyasının sədri, sabiq prezident Serj Sərkisyan “Qürurluyam” blokunun deputatlığa namizədləri siyahısında yer almayıb. 1954-cü il təvəllüdlü Serj Sərkisyan Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib.
Onun üstündə cinayət işi var. Xüsusi İstintaq Xidmətinin irəli sürdüyü, Baş Prokurorluğun təsdiqlədiyi ittihama əsasən, Serj Sərkisyan prezident vəzifəsini tutarkən 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup şəxsin kənd təsərrüfatı işləri üçün dizel yanacağını şişirdilmiş qiymətə almasını, 489,1 milyon dram (1 milyon dollardan çox) dövlət vəsaitini ələ keçirməsini təşkil edib.
Keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və daha 3 şəxsin cəlb olunduğu cinayət işi paytaxt Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmənin icraatındadır.