Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisi hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının qələbəsi ilə başa çatır. İlkin nəticələrə görə, Vətəndaş Sazişi Partiyası 53,9 faiz səslə öndədir, ikinci prezident Robert Köçəryan, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəm olduğu Ermənistan bloku 21 faizdən bir qədər çox səs alır.
Seçki yarışının nəticələri Azərbaycanda da reaksiya doğurub. Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı seçkidə Rusiyanın açıq dəstək verdiyi Köçəryanın məğlub olduğunu vurğulayır: “Ermənistanda Rusiyanın təsir imkanlarının məhdudlaşması müsbət hadisədir. Amma heç arxayınlaşmaq olmaz. İndi Rusiya Ermənistandakı itkilərini Yuxarı Qarabağda bərpa etməyə, nəzarəti altında olan bu ərazini Cənubi Qafqazda əsas forpostuna çevirməyə çalışacaq”.
AXCP sədri Əli Kərimli yazır ki, Paşinyan Köçəryana və onun arxasındakı Rusiyaya qalib gəldi: “Azərbaycanın Silahlı Qüvvələri qarşısında hərbi məğlubiyyətə və Rusiyanın bütün gücü ilə Köçəryanı dəstəkləməsinə rəğmən erməni xalqı Paşinyana sahib çıxdı. Ermənilər Xocalı qatili, korrupsioner, oğru, avtoritar Köçəryanı hakimiyyətə buraxmadı. Moldavanların, gürcülərin ardınca ermənilər də sübut etdilər ki, xalqlar istəyəndə bu coğrafiyada da Rusiyanın arzulamadığı siyasi qüvvə hakimiyyətə gələ və hakimiyyətdə qala bilir”.
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov erməni xalqının iyunun 20-də sülhə səs verdiyini düşünür: “Ermənistan müstəqillik əldə edəndən bəri Ermənistan cəmiyyətindən ilk dəfədir müsbət ismarış alırıq. Paşinyan yeni mandatı yanlış anlamasa, ölkələrimiz arasında sülh çox yaxındır. Onun partiyası parlamentdə yetərli çoxluq qazanaraq təkbaşına hökumət quracaq”.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, ermənilər keçmişi deyil, gələcəyi seçib: “İndi Paşinyan üçün ən düzgün çıxış yolu əli minlərlə azərbaycanlının qanına batmış hərbi cani, korrupsioner Köçəryanı həbs edib Azərbaycana təhvil vermək olardı. Yoxsa Köçəryan aranı qarışdıra bilər”.
Filologiya elmləri doktoru, jurnalist, siyasi şərhçi Qulu Məhərrəmli yazır: “Parlament seçkisində güclü əzm və iradə göstərən Nikol Paşinyanın qalib gəlməsi və Robert Köçəryan kimi bir caninin hakimiyyətə yolunun bağlanması müsbət hadisədir. Xalqın əksəriyyəti Rusiyanın qəzəbindən qorxmadı, Putin mifini yerə vurdu, müharibəyə və dolayısı ilə Qarabağ avantürasına “yox” dedi. Regionda yeni müharibə ehtimalı sıfıra düşdü, revanşizm aktuallığını itirdi”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.
10 noyabr 2020-ci il bəyanatına görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.